Palata ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı

palata-ile-bagli-qanun-layihesi-muzakireye-cixarildi
Oxunma sayı: 1529

“Hesablama Palatası haqqında" yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki,  layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, yeni qanun layihəsinə əsasən, Palata icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və onların icrası layihələrinə rəy verməli, dövlət maliyyə nəzarətinin obyektlərində müxtəlif sahələrdə kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirməlidir.

Palata icmal büdcədən, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarının büdcələrindən hüquqi şəxslərə ayrılan vəsaitlərin qanunauyğun, məqsədyönlü, effektiv və təyinatı üzrə istifadəsi, dövlət əmlakının idarə edilməsi, dövlət satınalmaları, dövlət investisiyaları, dövlət proqramlarına ayrılmış vəsaitlərin istifadəsi, qrantların və maliyyə (texniki) yardımlarının təyinatı üzrə istifadəsi, ətraf mühitin mühafizəsi, təbii ehtiyatların istifadəsi və idarəedilməsi, daxili və xarici dövlət borcunun idarə olunması, dövlət zəmanəti ilə cəlb edilmiş borc öhdəliklərinin yerinə yetirilməsi, bağlanamış müqavilələrin şərtlərinə əməl olunması, xarici ölkələrə və şəxslərə verilən vəsaitlər üzrə öhdəliklərin icrası, dövlət sifarişləri, büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərin əldə edilməsi və istifadəsi, büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının idarə olunması və ya idarəetməyə verilməsi və dövlət vəsaiti ilə bağlı digər sahələrdə nəzarət tədbirləri reallaşdıracaq.

Palata kənar dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı əldə edir.

Layihədə qeyd olunur ki, Hesablama Palatasının audit fəaliyyəti kənar dövlət maliyyə nəzarəti obyektlərinin gəlirlərinin, xərclərinin, əmlakının, öhdəliklərinin, zəmanətlərinin, digər aktiv və passivlərinin idarə olunmasının, maliyyə əməliyyatlarının düzgünlüyünün və tamlığının, iqtisadi və maliyyə fəaliyyətinin qənaətliliyinin, effektliyinin, nəticəliliyinin müəyyənləşdirilməsi, daxili nəzarət sistemlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir. 

Günel Türksoy