Pambıq əkinlərində yeni zərərverici aşkar edilib

pambiq-ekinlerinde-yeni-zererverici-askar-edilib
Oxunma sayı: 966

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin pambıq əkinlərində apardığı monitorinqlər nəticəsində, Kürdəmir rayonunda otlaq ərazilərin şümlanaraq pambıq səpildiyi bəzi sahələrdə bitkinin ixtisaslaşmış zərərvericisi olmayan kiçik böcəklər tərəfindən pambıq cücərtisi yarpaqlarının yeyilməsi aşkar olunub.

"Qafqazinfo" xəbər verir ki, pambıq sahəsindən götürülmüş nümunələrin üzərində aşkar edilmiş zərərvericinin  sarımtıl birəcik - Aphthona lutescens Gyll. (böcəklər dəstəsi-Coleoptera, yarpaqyeyən böcəklər fəsiləsi-Chrysomelidae) olması Respublika Karantin Ekspertiza Mərkəzində təsdiq edilib. Bədən uzunluğu 2 – 2,5 mm olan böcəyin qanadüstlüyü açıq sarımtıl rənglidir.  Pambıq bitkisinin səciyyəvi zərərvericisi olmayan bu böcək alaq otlarının (əsasən söyüdyarpaq ağlarotu bitkisinin) yarpaqları ilə qidalanır. Qeyd olunan ərazidə alaq otları üzərində artıb çoxalan birəciklər yaxınlıqda olan pambıq tarlalarına keçib və çüçərtiləri zədələməyə başlayıblar.

 Birəciklər yetkin halda müxtəlif yerlərdə, o cümlədən torpağın üst qatında, bitki qalıqlarının altında və digər sığınacaqlarda qışlayırlar. Aprel ayının axırları və may ayının əvvəllərində qışlama yerindən çıxan böcəklər yabanı bitkilərlə qidalanırlar. Tarlalarda mədəni bitkilərin cücərtiləri əmələ gəldiyi zaman böcəklər onların üzərinə keçib , sürətlə qidalanırlar. 

  İsti və quru havalar onların zərərli fəaliyyəti üçün daha əlverişlidir. Birəcik yumurtalarıni tarlada torpaq üzərinə qoyur. Yumurtadan çıxan sürfə bitki köklərinin telləri ilə qidalanır və kök ətrafında pup halına keçir. İyunun axırı və iyulun əvvəllərindən etibarən puplardan yetkin birəciklər çıxmağa başlayırlar. Böcəklər alaq otları və mədəni bitkilərlə qidalanır və payızda qışlamaya gedirlər.