Pambıq sahədə qalıb, yığan yoxdur - Yenilənib

pambiq-sahede-qalib-yigan-yoxdur
Oxunma sayı: 3231

Beyləqan rayonunda pambıq sahələrdə, yerdə qalaraq çürüyür və zay olur. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumat və fotoları iqtisadçı Qubad İbadoğlu paylaşıb.

O, bildirib ki, alış qiymətinin aşağı olmasına görə, yerli əhali pambıq yığmağa maraq göstərmir. Hazırda pambığın 1 kiloqramının alış qiyməti 15 qəpikdir. 

İqtisadçının yaydığı digər foto isə Salyan rayonunda olan pambıq tarlasındandır. Təqdim olunan fotodan görünür ki, pambıq yığmazdan əvvəl onun yarpaqlarının tökülməsinə səbəb olan dərmanın sahələrə vurulmamasına səbəbindən tarla bu günədək yaşıl rəngdədir: “Yeri gəlmişkən onu da qeyd edim ki, Salyan icra hakimiyyətində bələdiyyələrin və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasından gileylənib və təklif edib ki, yığıma səhiyyə və təhsil müəssisələrinin texniki işçiləri məcburi qaydada cəlb edilsin. Bu rayonda kombaynların çatışmazlığı da müzakirə mövzusu olub. 

Bir məlumatı da qeyd edim ki, əllə yığılan pambıq maşınla yığılandan daha təmiz olduğuna görə fermerlər pambığın maşınla toplanmasına çox da maraq göstərmirlər. Çünki, maşına toplanan pambığın çirklilik dərəcəsi yüksək olduğundan sortu MTK-lar tərəfindən aşağı yazılır və bunun da nəticəsində pambığın alış qiyməti də ucuzlaşır”. 

***

Məsələ ilə bağlı Salyan rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Tariyel Atamalıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iqtisadçının qeyd etdiyinin əksinə olaraq rayonda pambığın əllə yığılması ilə bağlı hər hansı tələb olmayıb: “İcra başçısı özü də dəfələrlə tapşırıq verib ki, müəllim və həkimlərin pambıq yığımına cəlb olunması yolverilməzdir. Biz çalışırıq pambığı texnika ilə yığaq.

Amma əhali özü də pambığın əllə yığılmasında maraqlıdır. Çünki bu əlavə məşğuliyyət və qazancdır”.

O, bu günə qədər rayonda 7291 min ton pambıq yığıldığını, bunun isə 4 min tondan çoxunun texnika ilə tədarük olunduğunu vurğulayıb: “Qaldı ki yaşıl sahələrin hələ də olmasına, biz yalnız maşınla yığım olan sahələrə dərman vururuq. Yaşıl qalan yerlərdə isə pambıq yığımı əllə nəzərdə tutulub”.