Parisdə Bakının “Ekspo 2025”ə namizədliyi təqdim olundu - Fotolar

parisde-bakinin-ekspo-2025e-namizedliyi-teqdim-olundu
Oxunma sayı: 1957

İyunun 13-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədlik təqdimatları keçirilib.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, sessiyada Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinin Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimatları dinlənilib.

Təqdimat Novruz Məmmədovun çıxışı ilə başlayıb.

Baş nazir çıxışında Bakının namizədliyinin hökumətimiz və cəmiyyətimiz tərəfindən tam dəstəkləndiyini vurğulayıb. Bildirib ki, bu dəstək Bakının doğru zamanda doğru məkan olduğunu göstərir.

Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə tam hazır olduğunu bildirən N. Məmmədov deyib: “Universal sərgilər beynəlxalq əməkdaşlıq üçün böyük fürsət yaradan müxtəlifliyin nadir nümayişidir. Azərbaycan Respublikası Beynəlxalq Sərgilər Bürosunun dəyərlərini və görüşlərini bölüşür.

Azərbaycan Ümumdünya Sərgisi və Beynəlxalq Sərgilər Bürosu ilə birgə tarix yazmağa hazırdır. Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun ən etibarlı tərəfdaşı olacağına təminat verir. Bu məsuliyyəti asan hesab etmirik. Ümumdünya Sərgisinə ev sahibliyi etmək Azərbaycan üçün prioritetdir. “Ekspo 2025”ə ev sahibliyi xalqımızın potensialının reallaşması üçün yaxşı fürsət olacaq.

Tariximiz boyunca İpək Yolu səyahətçilərinin axını Azərbaycana misilsiz tolerantlıq, zəngin mədəniyyət və əsl yaradıcılığı ilə tanınan nadir bir ölkə nüfuzu qazandırıb. Namizədliyimiz qəbul olunduğu təqdirdə, Şərqi Avropa, Qafqaz və Xəzər dənizi regionlarında Bakı Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq.

“Bakı 2025” sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni məkanda yeni auditoriya cəlb etmək imkanı yaradacaq, yeni regionda, yeni bir dövrdə yeni tarixlər yazmaq şansı verəcək. Bu, Azərbaycan xalqına Beynəlxalq Sərgilər Bürosuna onun ən yaxşı tərəfdaşlarından biri olduğunu göstərməyə imkan verəcək”.

Sonra Azərbaycan maliyyə naziri, “Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov sərgi iştirakçılarının rahatlığı, xarici vətəndaşlar üçün yaradılan şəraitdən, “ASAN Viza” rejimindən, ölkəmizin ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən danışıb, 40 mindən çox könüllünün həmin tədbirlər zamanı göstərdiyi xidməti diqqətə çatdırıb.

Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov “Ekspo” hərəkatının fəal üzvü olan Bakıda “Ekspo 2025” üçün seçilən məkan haqqında ətraflı məlumat verib.

Bildirib ki, Bakının beynəlxalq hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyük “Ekspo” kəndi salınacaq. “Bakı Ekspo 2025” sərgisinin qurulacağı sahə barədə danışan Birinci vitse-prezidentin köməkçisi deyib ki, ərazi rəmzi olaraq səkkizguşəlidir. Gələcək üçün ümid və istək nümunəsi olan bu rəmz Azərbaycanın müxtəlifliyini tərənnüm edir.

Təqdimat zamanı Azərbaycan haqqında və Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş etdirilib. Filmlərdə bəşəriyyət üçün çox vacib olan insan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması mövzusunu 2025-ci ildə Bakıda müzakirə etməyə dəvət səslənib.

Təqdimatlarda “Ekspo 2025” Ümumdünya Sərgisi üçün Bakının təklif etdiyi layihənin əhatəli və ümumbəşəri mahiyyət daşıdığı, inkişaf etməkdə olan ölkələrin iştirakının təmin olunmasının xüsusi əhəmiyyəti vurğulanıb.

Azərbaycanın sərgi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun səhiyyə, təhsil və məşğulluğu əhatə etməklə bütün ölkələr, bütün mədəniyyətlər və insanlar üçün maraq kəsb etdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının növbəti sessiyası 2018-ci ilin noyabr ayında keçiriləcək. Bu sessiyada Beynəlxalq Sərgilər Bürosuna üzv dövlətlərin nümayəndələri gizli səsvermə yolu ilə 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhəri müəyyənləşdirəcəklər.