Parlamentdə insan alveri müzakirələri

parlamentde-insan-alveri-muzakireleri
Oxunma sayı: 644

“Media forum” saytının məlumatına görə, Vilayət Eyvazov deyib ki, hesabat ilində Azərbaycanda insan alveri ilə bağlı 70 fakt qeydə alınıb: “2 qanunsuz transplantasiya və 1 məcburi əməyə cəlb etmə faktı aşkarlanıb. Cinayət törətmiş 19 nəfər tutulub, 4 cinayətkar qrup zərərsizləşdirilib, insan alveri qurbanı olan 27 nəfər müəyyən olunub. İnsan alverinə görə beynəlxalq axtarışa verilmiş şəxslərdən 3 nəfər İnterpol xətti ilə tutularaq istintaqa təhvil verilib. 17 nəfərin axtarışı davam edir.

İnsan alveri qurbanlarından 17 nəfər Türkiyəyə, 5 nəfər İrana, 2 nəfər Birləşmiş Ərəb Əmirliklərinə, 2 nəfəri Rusiyaya aparılıb. Qurbanlardan 3-ü təhsilsiz, 3-ü natamam orta, 21-i orta təhsillidir. Onlardan 14-ü 25-35 yaş həddində, 25-i subay olub.

İnsan alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz sığınacağa yerləşdirilib. Həmin şəxslərin hər biri tibbi, psixoloji yardımla əhatə olunub, zəruri vəsaitlərlə təmin edilib. Hesabat dövrü ərzində insan alverindən zərər çəkmiş 26 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinət, 18 nəfərə İnsan Alveri Qurbanlarına Kömək Fondundan yardım verilib, Səhiyyə Nazirliyi 25 qurbana müxtəlif tibbi xidmətlər göstərib.

Potensial qurban olan 29 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yardım Mərkəzinə istiqamətləndirilib. Qurbanların övladları olan 6 uşaq yay düşərgələrinə və ümumtəhsil məktəblərinə göndərilib, 3-ü səhiyyə və peşə proqramlarına cəlb olunub. Uşaqların qeydiyyata alınması ilə bağlı 3 nəfərə şəxsiyyət vəsiqəsi, 10 nəfərə doğum haqqında şəhadətnamə, insan alveri qurbanı və potensial qurbanı olan 46 nəfərə şəxsiyyəti təsdiq edən sənəd verilib. Uşaqlarına lazımı səviyyədə qayğı göstərməyən 177 valideyn varədə sənədlər toplanaraq lazımı dövlət qurumlarına göndərilib”.

Milli koordinatorun sözlərinə görə, hər il dünyada 12 milyon şəxs insan alverinin qurbanı olur. İnsan alverindən isə 30-32 milyard illik gəlir götürülür: “Bəzi yerli QHT-lər Azərbaycanda yüzlərlə vətəndaşın və xarici ölkə vətəndaşlarının insan alverinin qurbanı olması, məcburi əməyə cəlb edilməsi haqda həqiqətə uyğun olmayan hesabatlar yayırlar. Bu da Azərbaycanın adının beynəlxalq hesabatlarda mənfi formada hallanmasına, ikinci risk qrupunda saxlanmasına səbəb olur. Ümid edirik ki, beynəlxalq təşklatlar bunu aradan qaldıracaqlar”.

Deputatların çıxışlarından sonra hesabat 99 səs çoxluğu ilə qəbul edilib.

Hesabatın müzakirəsində danışan deputat Fazil Mustafa çıxışında son zamanlar insan alveri ilə mübarizə sahəsində boşluqların aradan qalxdığını və bir sıra işlərin həyata keçirildiyini vurğulayıb: “Bu mübarizə işlərinin bir qurumun üzərinə qoyulması doğru deyil”.

Fazil Mustafa məcburi əməyə cəlblə bağlı da danışıb: “Bu gün Çin, Əfqanıstan və digər ölkələrdən ucuz işçi qüvvəsi gətirənləri də araşdırmaq lazımdır. Ölkədə kifayət qədər işçi qüvvəsi olduğu halda başqa ölkədən ucuz işçi gətirilməsi doğru deyil”.

Deputat Zahid Oruc çıxışında qeyd edib ki, mübarizə tədbirlərini gücləndirmək üçün əmək miqrasiyasını tənzimləyən qurumların məsuliyyəti artırılmalı, Cinayət Məcəlləsinə dəyişiklik edilməlidir. Övladlığa götürmə ilə bağlı məsələyə nəzarətin artırılmasını vacib saydığını vurğulayan deputat insan alveri ilə bağlı bəzi faktlara da toxunub: “Turizm şirkətləri xətti ilə insan ticarəti faktları mövcuddur. Uşaq dilənçiliyi də mövcud problemlər arasında yer alır. Buna qarşı tədbirlər gücləndirilməlidir. İnsan orqanları transplantasiyası faktı da diqqət çəkir. Bu işdə Beynəlxalq Universitetin adı hallanır.
Başqa bir fakt isə İranla bağlıdır. İran uzun illərdir ki, Azərbaycana narkotik ixracı həyata keçirir. İldə bu həcm 40 tondan artıqdır. Məlumatlara görə, İranda bəzi Azərbaycan vətəndaşlarını girov saxlayırlar ki, bu cür planlarını həyata keçirsinlər”.

Deputat Çingiz Qənizadə Azərbaycanda insan alveri qurbanlarının əksəriyyətinin orta təhsilli olduğuna diqqət yönəldib və bu cür halların aradan qaldırılması üçün orta məktəblərdə maarifləndirici tədbirlərin gücləndirilməsini vacib sayıb: “Məni narahat edən başqa bir məsələ beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı narahatedici məqamların yer almasıdır. Həqiqətən də bizim bəzi qeyri-hökumət təşkilatlarımız beynəlxalq təşkilatlardan maliyyə almaq üçün doğru olmayan məlumatlar verirlər”.
Spiker Oqtay Əsədov qeyd edib ki, beynəlxalq təşkilatların hesabatlarında yer alan qeyri-dəqiq məlumatların günahkarını ölkə daxilində axtarmaq lazımdır: “Şikayət göndərmək bizə SSRİ-dən miras qalıb. Moskvaya “meşok”larla şikayət gedirdi. İndi də Avropa Şurasına gedir. Bu imicin yaranmasında səbəbkar özümüzük. Daxilimizdə bununla mübarizə aparmalıyıq”.