Partiya “21 Azər”i qeyd etdi

partiya-21-azeri-qeyd-etdi
Oxunma sayı: 638

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, partiya 21 Azər hərəkatının bir çox cəhətlərinə görə əhəmiyyətini vurğulayaraq bəyan edib ki, Güney Azərbaycan türklərinin sosial problemlərinin həlli, ədalət və bərabərliyin yaranması uğrunda mübarizəsi bu hərəkatın aparıcı və düşünən təbəqəsinin milli azadlıq və milli haqların əldə edilməsi istiqamətində mübarizələrini kölgədə qoya bilməyib: “Azərbaycan Demokrat Firqəsi S.Cəfər Pişəvərinin başçılığı altında Azərbaycan Milli Hökuməti yaratmaqla bir illik hakimiyyəti dönəmində o günkü ağır və dözülməz şərtlərə rəğmən apardığı hərtərəfli islahatlarla xalqın çoxluğunun ürəyində özünə sözün həqiqi mənasında yer açmış, uzun illər hakimiyyətlərin görə bilmədikləri və görmək istəmədikləri işləri həyata keçirə bilmişdir. 1945-ci il dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilmişdir. Məhz həmin hökumətin İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. Ölkədə misli görünməmiş əmin-amanlıq və abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta düşmənlər belə etiraf edirdilər”.

Daha sonra partiya Cənubi Azərbaycanda inqilabi hərəkatın görkəmli xadimlərindən olan Pişəvərinin həmişə Azərbaycanın istiqlalını və xalq azadlıq ideyalarını təbliğ etməsi, jurnalist kimi ədəbi yaradıcılıqda qiymətli irs qoymasını vurğulayaraq, onun həmişə sayğı ilə anıldığını qeyd edib.