Partiya hökumətə çağırış etdi

partiya-hokumete-cagiris-etdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, BAXCP ABŞ-ın Azərbaycana münasibətdə sərgilədiyi riyakar siyasətə etiraz əlaməti olaraq, ölkəmizə ayrılan yardımdan imtina edilməli olduğunu bildirib. Partiyasının İdarə Heyəti ABŞ Konqresi Nümayəndələr Palatasının Azərbaycana 30 milyon, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana 40 milyon və təcavüzkar dövlətin Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda formalaşdırdığı separatçı rejimə isə 5 milyon dollar vəsait ayırmasını qətiyyətlə pisləyən bəyanatla çıxış edib. BAXCP hesab edir ki, Birləşmiş Ştatların təcavüzkar dövlətə işğala məruz qalan ölkədən daha çox, separatçı rejimə isə humanitar yardım adı altında vəsait ayırması işğalçılığın və aqressiv separatizmin dəstəklənməsidir: “ABŞ tərəfindən Azərbaycanla oxşar problemləri yaşayan Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrinə “humanitar yardım” adı altında hər hansı bir vəsaitin ayrılmaması Birləşmiş Ştatların bölgə dövlətlərinə və etnik separatizmə münasibətdə ikili standartlardan çıxış etdiyini bir daha sübuta yetirir.

BAXCP bəyan edir ki, Ermənistan işğalı davam etdirərkən təkcə Rusiya və İranın yardımlarına deyil, həmçinin, ABŞ-ın Azərbaycana münasibətdə nümayiş etdirdiyi riyakar siyasətə arxalanır.
BAXCP Azərbaycan hökumətini ABŞ-ın Azərbaycana münasibətdə sərgilədiyi bu riyakar siyasətə etiraz əlaməti olaraq, ölkəmizə ayrılan yardımdan imtina etməyə çağırır».