Partiya sədri əmisioğlunun üstündən xətt çəkdi

partiya-sedri-emisioglunun-ustunden-xett-cekdi
Oxunma sayı: 646

Vilyam Hacıyev partiya sədri Hafiz Hacıyevin əmisi oğludur. H.Hacıyev dünən “Yeni Müsavat”a V.Hacıyevlə bağlı maraqlı açıqlamalar verdi. O bildirdi ki, Vilyam Hacıyevi keçmiş Xanlar (indiki Göygöl-red.) rayonuna vaxtilə onun xahişi ilə icra başçısı qoyublar. Uzun illər həmin rayona rəhbərlik edəndən sonra Samuxa icra başçısı göndərilib: "Vilyam əmim oğlu olsa da onun vəzifəyə təyin olunmasına səbəb olmağımdan peşmanam. Vilyam vəzifədə işlədiyi dövrdə bizim nəslin başına qaxınc oldu. Onun kimi icra başçıları rayonlarda əhalini hörmətli prezidentimiz İlham Əliyevdən narazı salmaqla məşğuldur. İlham Əliyevə ən böyük zərbəni Vilyam Hacıyev kimi yaramaz məmurlar vurur. Vaxtilə mənim xahişimlə vəzifəyə qoyulmuş o yaramazın indi işdən çıxarılmasını Samux əhalisindən çox mən istəyirəm. Belə bir adamın vəzifəyə qoyulmasında rolum olduğu üçün utanıram, özümü günahkar sayıram. O, adi bilet satan idi, acından günorta dururdu. Düşündüm ki, normal adamdır, bəlkə vəzifəyə getməsinə kömək edək. Haradan biləydim ki, vəzifəyə gedəndən sonra özünü bu vəziyyətə salacaq?! Bu adam o dərəcədə eroziyaya uğradı ki, doğma qardaşı Eldarı şərləyib rayonda bank müdiri vəzifəsindən çıxardı. Vilyam kimi əmim oğlu olmağından və ona vaxtilə kömək göstərməyimdən utanıram. Bizim nəslimiz Vilyamın üstündən xətt çəkib. Onu ölənlərimizin yasına da buraxmırıq. Qardaşından satqınlıq edənə münasibət belə olmalı idi. O, vəzifədən çıxandan sonra vəziyyəti daha ağlamalı olacaq”.

H.Hacıyev V.Hacıyevin vəzifədən sui-istifadə edib milyonçuya çevrildiyini də dedi: “Vəzifəyə qoyulana qədər səfalət içində yaşayan bu adam indi özünə Daşkəsəndə, Gəncədə, Xanlarda nəhəng villalar tikdirib, Bakının mərkəzində bir neçə 5 otaqlı mənzil alıb, dəyəri yüz min dollarlarla ölçülən maşınları var. Mən həmin malikanələrin, evlərin ünvanlarını da göstərə bilərəm. Ona sual vermək lazımdır: sən 1000 manat aylıq maaşla bu varidatı necə əldə etmisən? Bu adam dövlətçiliyə də baş qaxıncıdır. Vilyam kimi icra başçısı olan rayonun əhalisi hökumətdən çətin ki, razı olsun. İnanıram ki, hörmətli prezidentimiz bu və digər məqamları nəzərə alıb onun və onun kimi icra başçılarının vəzifədən götürülməsi qərarını verəcək. Mən çox minnətdaram ki, daxili işlər naziri, cənab Ramil Usubov Vilyamın oğlunu Polis Akademiyasından qovdu. Əminəm ki, Vilyam Hacıyevin özü də işdən qovulacaq”.