Partiya sədrinin Argentina səfəri başa çatdı

partiya-sedrinin-argentina-seferi-basa-catdi
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili həmkarları ilə birlikdə Argentina Milli Konqresinin hər iki palatasında görüşlər keçirib. A. Mollazadə Milli Konqresin Deputatlar Palatasındakı “Xarici əlaqələr və etiqad daimi komissiyası”nın sədri Alfredo Atanasofla, Senatda “Xarici əlaqələr və etiqad daimi komissiyası”nın sədri Daniel Filmus və Senatda Azərbaycanla Dostluq Qrupunun sədr müavini Maria De Los Angeles Higonet və dostluq qrupun digər üzvləri olan Senatın vitse-prezidenti Roberto Gustavo Basualdo və Senatda “Sənaye və ticarət daimi komissiyası”nın sədri Arturo Vera ilə görüşüb.

Görüşlərdə Azərbaycanının mövcud reallıqları, geniş iqtisadi potensialı, regional inkişaf və inteqrasiyadakı liderliyi, habelə regional təhlükəsizlik, xüsusilə də Ermənistanın Azərbaycana qarşı təcavüzü mövzularında fikir mübadiləsi aparılıb.

Deputatlar Latın Amerikasında müsəlman icmasına məxsus ən iri təşkilatlarından olan Argentina Respublikası İslam Mərkəzinin vitse-prezidenti Xulio Made ilə də görüşüblər. Görüşdə Azərbaycanın islam dünyasının bir parçası olduğu, islam dəyərlərinin təşviqindəki rolundan bəhs edilib. Argentina Respublikası İslam Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verən X.Made bu mərkəzin Azərbaycanla Argentina arasında əməkdaşlığa töhfə verməyə hazır olduğunu deyib.

Argentina səfəri çərçivəsində Argentinanın ictimai fikrə təsir göstərən liderləri, beyin mərkəzlərinin rəhbərləri, tanınmış analitikləri və jurnalistlərin iştirakı ilə işçi nahar da təşkil edilib. Burada Azərbaycanın müstəqillik illərində keçdiyi yol, Ermənistanın təcavüzü, münaqişənin nizamlanması, Azərbaycan xarici siyasətinin prioritetləri, ölkəmizin enerji strategiyası, neft kapitalının insan kapitalına keçirilməsi istiqamətində aparılan işlər, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik, inkişaf və dialoqun təşviqi istiqamətində atacağı addımlar, sivilizasiyalararası dialoqa verdiyi töhfələr müzakirə olunub.

Fatimə Kərimli