Paşinyanın ucuz demaqogiyası

pasinyanin-ucuz-demaqogiyasi
Oxunma sayı: 1860

Azər Həsrət

Adətdir. Siyasətdə uğur qazanmaq çətin olanda demaqogiyaya əl atılar. Hələ bu siyasət adamı layiq olmadan yüksək mənsəb tutarsa demaqogiya tək çıxış yolu olar.

Ermənistanın küçədən hakimiyyətə gəlmiş baş naziri Nikol Paşinyandan danışırıq. Ona qədərki hakimiyyət sahibləri bu ölkəni o qədər bərbad günə qoydular ki, sadə ermənilər “kim olursa olsun, təki bunlar olmasın” deyib qarşılarına çıxan ilk avantüristin arxasına düşdülər, onu hakimiyyətə gətirdilər. Beləliklə, Nikol küçənin qəhrəmanına çevrildi, əvvəlcə ağlına gətirmədiyini sonra həyata keçirdi: baş nazir oldu.

Bu baş nazir hakimiyyət sahibi olandan sonra bir sağa baxdı, bir sola baxdı. Gördü ki, ölkəsi elə bir gündədir ki, onu heç cür böhrandan çıxarmaq mümkün deyil. Xalqsa qapının ağzını kəsdirib hakimiyyətə gətirdiyindən çörək tələb edir.

Hardan alsın bu adam bu çörəyi?

Mənbə yoxdur. Almağın yolları haqqında da təsəvvürü yoxdur və çıxış yolu tapılmasa hakimiyyətdən devriləcək. Bax, belə bir durumda adam insanların emosiyalarına təsir etmək üçün sərsəm bəyanatlar verməyə başladı. Komandasının üzvlərini də təlimatlandırdı ki, sələfləri kimi ermənilərin başını Azərbaycan xofuyla qatsınlar. Bunun ardınca Azərbaycana hədə dolu bəyanatlar ünvanlandı, strateji məntəqələrimizi vuracaqlarıyla hədələdilər. Amma hər şeydən cana doymuş ermənilər bu avantürist bəyanatlara əsla inanmadılar, güvənmədilər.

Durum beləykən Nikol son çarəyə əl atdı. Ki, bəs, oğlumu Qarabağda hərbi xidmət keçməyə göndərirəm. Az bir kəsimdə təsir oyada bilən bu bəyanat həm də ona hesablanmışdı ki, Azərbaycan ictimai rəyi də adamın nə qədər “vətənpərvər” olduğunu qəbul etsin.

Bugünlərdə “Exo Moskvı” radiosuna müsahibəsində Nikol Paşinyan deyir ki, “mən oğlumu Qarabağa göndərdim, qoy Azərbaycan Prezidenti də oğlunu ora göndərsin, sülh yaransın”.

Açığı, az-çox siyasətdən başı çıxan birisi kimi bu avantürist küçə siyasətçisinin İlham Əliyevi də öz ağlında təsəvvür etməsini heç cür anlaya bilmədim. Yəni bu adam nəyə əsaslanıb illərin təcrübəli siyasətçisi, Qafqazın və bütövlükdə bölgənin ən güclü dövlətinin başçısı, bir çox qlobal oyunların ən öndə gələn liderləri ilə eyni miqyasda olan Azərbaycan Prezidentini belə ucuz oyuna cəlb etmək istəyir? Doğrudanmı onun olan ağlı bu qədərdir, ya sadəcə nə etdiyini anlasa da başqa çıxış yolu tapmaqda çətinlik çəkdiyi üçün belə davranır?

Məncə, hər iki məqam var bu davranışda. Bu adam öz oğlunu Qarabağdakı işğalçı orduya yük etməklə, əslində, problem yaratdığının fərqində deyil. Və eyni zamanda başqa çıxış yolu da tapmadığından erməni ictimai rəyini belə məşğul edir.

Təbiidir ki, Azərbaycan Prezidenti bu naşı siyasətçinin belə ucuz çağırışlarına reaksiya vermir, verməyəcək də. Amma bəzən ermənidən çox ermənilik edən, bizdən olub bizə qarşı çıxanlar öz ağıllarınca Paşinyanı qəhrəman elan edib örnək göstərirlər ki, baxın, lider belə olar.

Olarmı? Olmaz təbii. Normal siyasət anlayışı olanlar bilir ki, bir dövlətin, hökumətin başçısının döyüşən ordunun ön xəttində olması o ölkəyə hansı başağrılarını gətirər. Bu haqda az sonra danışarıq. İndi isə bu Paşinyan və onun “azarkeşlərinə” deyəcək bir neçə sözümüz var.

Siyasət elə bir həyat tərzidir ki, burada hər kəsin övladı öz atasının yolunu davam etdirib daha irəli getdikdə onun ölkəsi uğur qazanar. Necə ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yolunu davam etdirib bəlli bir dönəm sonra daha da irəli getməklə Azərbaycanı ən sayılan ölkələrdən birinə çevirdi, onun oğlu da hazırda gənc yaşlarında öz üzərində işləyir, təcrübə toplayır, təhsil alır və Vətənə yetişkin bir övlad kimi xidmət etməyə hazırlaşır.

Paşinyanın Qarabağda ön xəttə göndərdiyi oğlu isə Allahın texnikumunu bitirməyib, dünya görüşü məhdud adi bir erməni gəncidir. Təbii ki, onun bu gedişlə özünü daha yüksək səviyyədə yetişdirə bilməyəcəyini atası da fərq edir və bu yolla oğlunu qiymətə mindirməyə çalışır.

Yəni hər kəs öz atasının yolunu gedir. Müqayisə yersiz olsa da, İlham Əliyevin oğlu bəşəri dəyərləri mənimsəyir, özünü ən çətin anlara hazırlayır, Paşinyansa oğlunun bu qədər qabiliyyət sahibi olmadığını bildiyindən onu ön xəttə göndərib işğalçı və ekstremist olduğunu bir daha təsdiqləyir.

Amma eyni zamanda da qorxur. Özü də anlayır ki, şanlı Azərbaycan əsgəri günün birində onun oğlunun alnının ortasından da bir güllə çaxacaq. Bu qorxu da Paşinyanı vadar edir ki, oğlunun salamatlığı üçün təminat alsın. Hardan, kimdən? Təbii ki, Azərbaycandan, Prezident İlham Əliyevdən.

Ay səni, bic erməni!

İndi isə dövlət və hökumət rəhbərlərinin övladlarının döyüşən orduda xidmətinə aid bir örnəyə baxaq. Yəqin hər kəs xatırlar ki, son dönəmlərdə Böyük Britaniya şahzadəsinin oğlu könüllü şəkildə Əfqanıstanda hərbi xidmətə getdi. Bu davranış dünyanın hər tərəfində bəh-bəhlə alqışlandı, ətrafında yaxşı bir PR kampaniyası aparıldı. Və bir müddət sonra unuduldu. Bilirsinizmi, niyə? Çünki bu gənc doğrudan da Əfqanıstana yollandı, hərbi paltar geyinib xidmət keçməyə başladı. Amma hamı kimi deyil. Orada olan Britaniya ordusu işini-gücünü atıb bu şahzadə balasının müdafiəsilə məşğul oldu. Bu duruma çox dözə bilmədilər və Əfqanıstandakı Britaniya ordusu komandanlığı Londondan xahiş etdi ki, bu adamı oradan geri çağırsınlar. Məcbur oldular buna. Bilmirdilər talibanla vuruşsunlar, yaxud bu şahzadə balasını qorumaqla məşğul olsunlar. Həm insan resursları, həm də maddi təchizat baxımından onun orda olması orduya sərf eləmədi.

İndi Paşinyan da dövlət işindən yetərincə anlayışlı olmadığı üçün oğlunu Qarabağa göndərir, üstəlik bu avantüraya İlham Əliyevi də alət edə biləcəyini sanır. Qınamırıq, siyasətdə dayaz olanda baş nazir kürsüsündəki şəxs belə bu cür naşılıq edə bilir…