Payızın ağ qarğası- - Fotolar

payizin-ag-qargasi-
Oxunma sayı: 2321



20-21 dekabrda Heydər Əliyev adına Respublika Sarayında tanınmış ifaçı Miri Yusifin “Ağ qarğa” adlı solo-konserti keçirildi. Konsertdə müğənni məşhur, sevilən ifaları ilə yanaşı, yeni mahnılarını da səsləndirdi. Miri Yusifin konsertlə bağlı təəssüratları mahnnılarını ifa edərkən üzünə yansımışdı. Bunu hər hansı bir söz və ya cümlə ifadə edə bilməzdi...

“Qafqazinfo” xəbər verir ki, konsert gözləniləndən yarım saat gec başladı. Zal qaranlıqlaşdı, səhnə işıqları söndü. Tamaşaçılar kəmərlərini bağlayıb uçuşa hazır vəziyyətdə ağ qarğanın doğulmasını gözlədilər. Və nəhayət, ağ qarğa doğuldu. İlk ifa sanki təqdimat xarakteri daşıyırdı – “Salam, mənim adım Vicdan”... Nəinki ilk ifada, bütün konsert boyu Miri Yusif boynunu əymiş, özü ilə barışmış vicdanlı və ruhuna düşkün, varlığı ilə fəxr edən, lakin bəzi, çox özəl məqamlarda onu gizlədən ağ qarğanı xatırladırdı. “Vicdan”dan sonra Miri Yusif özünün çox sevdiyi “Karma”, “Sən mənimsən”, “Bakılı sərçələr”, “Adınla bağlı”, “Nirvana” mahnılarını ifa etdi. Hər bir mahnı səslənərkən arxa fonda xüsusi görüntülər canlanırdı. Müğənni “Sən mənimsən” mahnısını ifa edərkən arxa fonda onun xoşbəxtliyinin rəsmi çəkilirdi...

Konsertin gözəl məqamlarından biri də “Dəyirman” qrupunun bir araya gəlməsi oldu. Miri Yusifin qeyd etdiyinə görə, düz 10 il əvvəl “Dəyirman” elə bu səhnədə bütün buğdaları üyüdüb tökmüşdü. Bu dəfə dostlar buğdaları üyüdüb “ağ qarğa”ların ruhuna yem etdilər. Dostlar salamlaşarkən özlərini səhnədə - ağ qarğa dünyasında evlərindəki kimi hiss etdiklərini vurğuladılar. Mətbəx – musiqi alətləri işə düşdü və ilk olaraq “Sarı güllər” mahnısı ifa olundu. Sonra növbədənkənar “Bir siqaret” mahnısı səsləndi. Böyük konsertdə, 10 dəqiqəlik də olsa, “Dəyirman” yenidən canlandı. Qrup üzvlərindən L-Mirin son müsahibəsində dediyi kimi: “Tamaşaçıları bu kiçik həzzdən məhrum etmədilər”.

Bir neçə lirik ifadan sonra, - qarğanın kövrək addımlarından sonra, səhnə canlandı, - ağ qarğa qanadlarını var gücü ilə çırparaq göylərə qalxdı. (Əslində, öz içinə endi). Bütün zalı ələ almaqla qanadlarına daha da güc verdi, tamaşaçılardan gələn müsbət reaksiya və enerji ilə qanadlarını daha da bərk çırpıb aramızdan uzaqlaşana qədər uzağa, yuxarı uçdu. Sürətlə səmaya qalxdı, buludları yarıb gözdən itərək ulduzlara, sonsuz kainata qovuşdu, öz dililə desək, göylə barışdı... Elə qovuşdu ki, qapalı gözləri doldu, elə qovuşdu ki, səmada pərvazlanan qanadları ilə varlığını sardı, elə qovuşdu ki, yox oldu, özünü də görmədi. Xeyr, onun ağlığı saflığını göstərmir, sonsuzluğunu göstərir. Onun ağına heç bir rəng bulaşmır, hətta ağ rəng də...

Tamaşaçılar, xüsusən də xanımlar, bütün konsert boyu müğənnini müşayiət etdilər. Bundan güc alan Miri Yusif bir çox mahnılarını – (“İki doğma insan”, “Məktub” və s.) onların öhdəsinə buraxdı. İfaçı dəfələrlə qeyd etdi ki, məhz tamaşaçılarla bigə oxumaq onu Miri Yusif edib... Bəzi özəl, üzə yansımış məqamları nəzərə almasaq, - hansı ki, ruh adamları üçün belə məqamlar daha önəmlidir, - onunla razılaşmaq olar. Tamaşaçılardan gələn səs ona güc verir. Ona daha böyük gücü göstərən, özünü tanıdan, səmadan endirib yerin daha gözəl olduğunu göstərən Miri Yusifin oğlu Mir Hüseyn oldu. Müğənni oğluna sarılaraq ən çox sevdiyi “Məktub” mahnısını ifa etdi. Oğlu ağ qarğanı yerə endirib sanki buranın daha gözəl olduğunu ona göstərdi. “Məktub” mahnısı bitən kimi bütün zal “bir daha” deyərək onun təkrar ifasını tələb etdilər. Mahnı yenidən səsləndi. Bu dəfə mahnının, demək olar ki, hamısını tamaşaçılar ifa etdi. Görünür, oğluna səhnədə sarılmaq Miri Yusifi bir xeyli kövrəltmişdi...

Heydər Əliyev Sarayında baş tutmuş möhtəşəm konsertdə konsertin adını daşıyan “Ağ qarğa” mahnısı da səsləndi. Bu mahnı daha çox çağırış formasında idi. “Ağ qarğa” olanlara kimliyini göstərirdi. “Sən bilirsən ki, mən ağ qarğayam, Mən bilirəm ki, Sən ağ qarğasan” misraları ilə ifaçı qarğaları bir yerə toplayıb birlikdə qarışmağa, bir-birlərinin yanında kimliyindən, - ağ qarğalığından çəkinməməyə, əksinə, bəzi məqamlarda öyünməyə çağırırdı. Bu mahnı hamı üçün deyildi... Ən azından zalın reaksiyasından bunu görmək olardı. Hamının çox sevdiyi, Miri Yusifin yaradıcılığında xüsusi rol oynayan “Məktub”dan sonra, onun üçün növbəti əziz, doğma, bəlkə də “Məktub”dan özəl “Ağ qarğa” mahnısı doğuldu... Sanki bu mahnı ilə Miri Yusif dinləyiciləri iki yerə ayrıldı: onu dinləyib qəlbi ilə sevənlər və onunla göyə qalxıb kainatla barışanlar... Görünür, “Ağ qarğa”nın gətirdiyi yeni “məktub” bu dəfə hamının anlayacağı dildə yazılmayıb.


Nihal