Penalti var idimi? - Mütəxəssislər “hə” deyir+Video

penalti-var-idimi
Oxunma sayı: 5957

Ötən gecə UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “Real” – “Yuventus” oyunu baş tutub. “Qafqazinfo” xəbər verir ki, italyanların 3:1 hesablı qələbəsi ilə başa çatan matçın ən maraqlı anı 90+2-ci dəqiqədə “Yuventus”un qapısına təyin edilən penalti olub. 

Böyük mübahisələrə yol açan 11 metrlik cərimə zərbəsi ətrafında söz-söhbətlər hələ də davam edir. 

“Yuventus”un rəhbərliyi, məşqçiləri və futbolçuları hakimin verdiyi qərarı yanlış adlandırıblar. Turinlilərin əfsanəvi qapıçısı Canluici Buffon isə hakimin ürək əvəzinə zibil qutusu daşıdığını bildirib. 

Bəs, azərbaycanlı futbol mütəxəssisləri və hakimlər bu epizod haqqında nə düşünür? “Qafqazinfo”ya açıqlama verən mütəxəssislər epizodu belə dəyərləndiriblər:

Anar Salmanov (Sabiq FİFA referisi): “Epizod penaltidir. Hakim doğru qərar verib. Müdafiəçi rəqibi aşkar şəkildə qol vurmaq imkanından məhrum edir. Bu zaman da o topa toxunmur. Qərar düzgündür”.

Babək Quliyev (sabiq FİFA referisi): “Epizod penaltidir. Burda başqa şey demək düzgün deyil.  Topa oynamadan rəqibini itələyir müdafiəçi. Əgər müdafiəçi topa oynayıb sonra rəqibə toxunsaydı, 11 metrlik cərimə zərbəsi təyin edilməzdi. Amma burda əvvəlcə rəqibi itələyir, sonra topa oynamağa çalışır. Bu düşüncəsiz davranışdır.  Hətta sarı vərəqə də verilməlidir. Orda bəlkə də başqa hakim bu qərarı verməzdi. Amma Maykl Oliver qətiyyətli davrandı. Gələcəyin ən perspektivli hakimlərindəndir Oliver. UEFA onun bu qətiyyətini mütləq nəzərə alacaq”.