Pencək əvəzinə “pəncəy” deyən aparıcılar...

pencek-evezine-pencey-deyen-aparicilar
Oxunma sayı: 2953

Seymur Verdizadə

Uzun illər əvvəl həyat yoldaşına xəyanət etmiş kişilər bundan sonra rahat yaşaya bilərlər. Xoşqədəm Hidayətqızının başı yeni layihəyə qarışdığı üçün yaxın vaxtlarda heç kim onları narahat etməyəcək. Çox güman ki, bir çoxumuz günahlarımızı özümüzlə birlikdə o biri dünyaya aparmalı olacağıq...

Milli Televiziya və Radio Şurası özəl telekanallarda yayınlanan bir neçə verilişin bağlanması ilə bağlı qərar qəbul edəndə yazmışdım ki, yenə Amacinin ümidinə qaldıq. MTRŞ-nin məlum qərarı bizi yenidən ötən əsrin 80-ci illərinə qaytardı. Ötən gün gördüm ki, Cimi bir kəllə ilə iki maşın kərpici yerlə-yeksan etdi. Təəssüf ki, bu gün gənclərimizin mədəni zövqünü ağac dibini, kol-kosu tualetlə dəyişik salan hindistanlı qardaşlarımız formalaşdırırlar.

“Xoşqədəmlə axtarıram səni” verilişini ona görə bağladılar ki, guya biz “bomj” həyatı yaşayan insanları efirə çıxarmaqla Azərbaycan xalqını biabır edirik. Halbuki həmin insanların “bomj”a çevrilməsində nə ANS rəhbərliyinin, nə Xoşqədəm Hidayətqızının, nə də biz ekspertlərin günahı var. Rusiyada səfil həyatı yaşayan azərbaycanlıları bir aydan çoxdur ki, heç kim axtarmır. Yəqin ki, bu bir ayda ən azı bir neçə soydaşımız Rusiyanın qarlı küçələrində əzab içində qıvrıla-qıvrıla ömrünü başa vurub. İndi mən soruşuram: həmin insanlar xristian adət-ənənəsi ilə kimsəzilər qəbiristanlığında dəfn ediləndə Azərbaycan xalqı biabır olmur?

Milli Televiziya və Radio Şurası “Xoşqədəmlə axtarıram səni” verilişi də daxil olmaqla bir neçə proqramı bağlayanda telekanal rəhbərlərinə tövsiyə etmişdi ki, bundan sonra maarifləndirici verilişlərə daha çox yer ayırsınlar. Amma nədənsə, bir aydan çoxdur ki, həmin verilişlər efirə “yol tapa bilmir”. Özəl telekanalların yayım siyasətində keyfiyyət dəyişikliyinin baş verdiyini söyləmək mümkün deyil. Əksinə, ləhcə ilə danışan, məhdud dünyagörüşə, dayaz biliyə malik olan aparıcılar yenə efirdə meydan sulayırlar. Ötən gün bir aparıcı canlı efirdə pencək əvəzinə “pəncəy” dedi. MTRŞ rəhbərliyindən xahiş edirəm ki, həmin aparıcıya bir dəst bahalı pencək hədiyyə etsinlər. Bəlkə bundan sonra pencək sözünü düzgün tələffüz etməyi öyrəndi.

Xoşqədəm Hidayətqızı təxminən bir aylıq fasilədən sonra yeni verilişlə tamaşaçıların görüşünə gəldi. “Deməsək, olmur” maraqlı, maraqlı olduğu qədər də məsuliyyətli layihədir. İnanıram ki, Xoşqədəm xanımın bu verilişi də qısa mqddət ərzində populyarlıq qazanacaq. Allah-Təala adildir, o, heç kimin əziyyətini yerdə qoymur. Amma efir məkanında analoji mövzuya marağın artması məni narahat edir. Hamımız bilirik ki, Azərbaycan xalqı istedadlı xalqdır. Bu ölkədə yüzlərlə 2-3 yaşlı uşaq var ki, öz istedadı ilə adamı heyran edir. Həmin uşaqlardan birini dünən verilişdə görəndə qəlbim qürur hissi ilə doldu, azərbaycanlı olmağımla bir daha fəxr etdim. Körpə fidanlarımızda olan bu istedad Allah vergisidir. Lakin bu cür müsbət tendensiyalar telekanalların yayım siyasətində sosial mövzuları arxa plana keçirməməlidir. Dünyanın siyasi xəritəsində hamının xoşbəxt yaşadığı ölkə tapmaq mümkün deyil. Problem varsa, müzakirə də olmalıdır.

Milli Televizya və Radio Şurası telekanal rəhbərlərinə tez-tez müxtəlif tövsiyələr verir. Mənim də MTRŞ üzvlərinə bir tövsiyəm var: xüsusi istedad sahibi olan uşaqları cəmiyyətə təqdim etmək yaxşı təşəbbüsdür. Amma qürbətdə səfil həyatı yaşayan soydaşlarımızı tapıb üzə çıxarmaq da pis iş deyildi. Qeyri-adi bacarığa malik olan 2 yaşlı uşaq da, Moskva küçələrində dilənən 62 yaşlı qoca da bu vətənin övladlarıdır. Birinə qucaq açıb, digərinə arxa çevirmək doğru deyil. Övladın acısı-şirini olmur...