Penitensiar xidmətindən məhbuslarin şikayətinə cavab gəldi

penitensiar-xidmetinden-mehbuslarin-sikayetine-cavab-geldi
Oxunma sayı: 639

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov yanvarın 23-də “Media forum” saytına açıqlamasında 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanilan məhbuslar Vidadi İsgəndərli və Əhəd Məmmədlinin şikayətinə münasibət bildirib.

Mehman Sadıqov 14 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslara suyun vaxt məhdudiyyəti ilə verilməsinin qeyri-mümkün olduğunu deyib: “Ola bilsin, ana xətdə hansısa problem yaransın. Amma cəzaçəkmə müəssisəsində sudan istifadəyə heç bir qadağa yoxdur. Bütün cəzaçəkmə müəssisələrinin su ehtiyatı olur. Müəssisə rəhbəri heç vaxt imkan verməz ki, məhbuslar su sarıdan əziyyət çəksin”.

Penitensiar Xidmətin sözçüsü 14 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında bir neçə daş karxanasının olduğunu təsdiqləyib: “Amma bu daş karxanalarının məhbusların həyatına mənfi təsir göstərməsi haqda deyilənlərlə razılaşmıram”.

Mehman Sadıqovun sözlərinə görə, hər bir cəzaçəkmə müəssisəsinin təsdiq olunmuş daxili intizam qaydaları var: “Həmin qaydalar məhkumun saat neçədə yuxudan durması, gün ərzində hansı işləri görməsi və nə zaman yatmalı olması kimi məsələləri dəqiqləşdirir. Rejim qaydalarına bütün məhkumlar bir nəfər kimi əməl etməlidir.

O ki qaldı qəzetlərə, bütün cəzaçəkmə müəssisələri, o cümlədən də 14 saylı Cəzaçəkmə Müəssisəsi 10-dan çox qəzetə abunədir. Təkcə “Yeni Azərbaycan”, “Səs” qəzetinə deyil, digər qəzetlərə də. Qanuna görə, məhkum istənilən qəzetə abunə ola bilər. Məhbusun qohumlarının da görüşə gələndə müəssisəyə qəzet keçirmək imkanı var. Bu sarıdan nəinki 14 saylı Cəzaçəkmə Müəssisəsində, bütövlükdə Penitensiar Xidmətdə heç bir problem yoxdur.

O ki qaldı Əhəd Məmmədlinin şikayətinə, onu deyə bilərəm ki, Penitensiar Xidmət məhkumlara dini inancları ilə məşğul olmaq imkanı verir: “Penitensiar Xidmətin tərkibinə daxil olan bütün cəzaçəkmə müəssisələrində ibadət yerləri mövcuddur. Səhər saat 7-dən axşam saat 10-a kimi məhbuslar dini ayinləri yerinə yetirə, o cümlədən beş dəfə namaz qıla bilərlər”.