Penoplastlar yenə alışacaq

penoplastlar-yene-alisacaq
Oxunma sayı: 2376

Fərid Hüseyn

Postneft dövrünün addım səsləri eşidilir. Yaxın aylarda biz postneft dövrünün təkcə addım səslərini eşitməyəcəyik, “mübarək üzü”nü də görəcəyik. Məsələ odur ki, neft bumu dövründə görülən işlərin bir qisminin mənasız olduğu posneft dövründə bir daha üzə çıxacaq. Biz bum vaxtı o qədər pullarla normal yollar çəkə bilmədik, körpülərimiz çat-çat, dərsliklər yaman gündə, təhsil bərbad, lazımlı kitablar az sayda. Əldə imkan olan dövrdə o qədər işləri bərbad görmüşük ki, postneft dövründə onları yenidən yaratmağa imkan olmayacaq. Hamısı da məsuliyyətsizlik, “büdcə yemək” iştahasına görə... 

Baxın, bir nazir işdən çıxır, onlarla general, işçilər və s. həbs olunur. Yeni nazir təyin olunacaq. Nə edəcək? Mütləq sıfırdan başlamalıdır, çünki, bərbad hala salıblar nazirliyi. Baş verən olaylar da göstərir ki, sıfırdan başlamaqdan başqa yol yoxdur. 2015-ci ildə yaşayasan və sıfırdan başlamalı olasan. Biz nə vaxta qədər olduğumuz yerdə hər şeyi dağıdıb gələcəyə “sıfır”dan başlamağı miras buraxacağıq? Azərbaycanda demək olar əksər sahə üzrə ənənə deyilən güc yoxdur, varsa da lazım olacaq səviyyədə deyil. İnanın, onlarla sahədə işlərə yenidən – heç nə olmayıbmış kimi – sıfırdan başlamalıyıq. Bəs postneft dövründə buna imkan olacaqmı? Kanalizasiya, yol çəkmək adı ilə yüzlərlə layihə planlaşdırıldı, həyata keçirildi, ancaq vəziyyəti görürsünüz.

Bu il Bakıda bir bina yandı və bütün binaların üzündəki penoplastları söküb – təzədən (sıfırdan) üzləməli oldular. Bilirsinizmi təhsilimiz də, səhiyyəmiz də, nəqliyyat sistemimiz və bir sıra başa sahələrimiz də “penoplastla üzlənib”. Hamısı sökmək, hər şeyi təzədən yaratmaq mümkündürmü? Bir də təzədən təhsil sistemi, səhiyyə qurulmalıdır, onlarla sahə sıfırdan başlamalıdır? Əgər bəzi sahələrdə də belə yoxlamalar getsə, vəzifəlilər ifşa olunsa onda gərək Yaponiya kimi küldən dövlət quraq?

Hərdən elə bilirəm təhsilimiz də, səhiyyəmiz və bir sıra başqa sahələrimiz “penoplastla üzlənib”. Ölkə isə bir penoplastla üzlənmiş binadır, bizsə içəridə...