Pensiyaların məbləği ilə bağlı müraciətlər azalıb

pensiyalarin-meblegi-ile-bagli-muracietler-azalib
Oxunma sayı: 645

2012-ci ilin 6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "190" nömrəli telefon məlumat xidmətinə 25 686 müraciət daxil olub. Fondun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 54,7 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Müraciətlərin 45,3 faizi isə qeyri-iş günlərinə və saatlarına təsadüf edib ki, bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib.

Cari ilin 6 ayında “190" nömrəli telefon məlumat xidmətinə daxil olan müraciətlərin 52,6 faizi pensiya, 19,5 faizi məcburi dövlət sosial sığortası ilə bağlı məsələlərə aid olub. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 27,9 fazi isə fərdi uçotun təşkili və digər məsələləri əhatə edib.

Ümumilikdə bu ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna pensiyaların məbləğinin az olması və artırılması istiqamətində ünvanlanan müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Aparılan araşdırmalara əsasən, bu, ötən il “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyin tətbiqi nəticəsində 2011-ci il iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması və 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyasının orta hesabla 40 faiz artırılması ilə bağlıdır. Bu baxımdan cari ilin ikinci yarısında Fonda ünvanlanan müraciətlər daha çox sığorta-pensiya sistemindəki bu önəmli islahatla bağlı hüquqi bilgilərin alınması və müəyyən dəqiqləşmələrin aparılması xarakteri daşıyıb.

Nigar Məmmədli