“Performance center”in satdığı maşın niyə yandı?

performance-centerin-satdigi-masin-niye-yandi
Oxunma sayı: 812

Fətəli Əliyev adlı oxucu “Qafqazinfo”ya şikayət məktubu göndərib. O, məktubunda “Performance center” şirkətindən şikayət edib. Bildirib ki, 6 ay bundan əvvəl həmin şirkətin 2012-ci il istehsalı olan “Chevrolet cruze tuning” markalı maşın alıb: “Tuning olduğu üçün maşına bəzi artıq işıq avadanlıqları qoşmuşdular ki, maşın qəşəng görsənsin. Maşını aldığım gündən etibarən elektrik sistemində qüsur olduğu üçün problemlər yaranmağa başladı. Dəfələrlə şirkətin servisinə müraciət etdim, amma hər dəfə bir bəhanə gətirərək maşına baxmaqdan imtina edirdilər. Təxminən 3-4 dəfə də lampalar yandığı üçün dəyişdirdilər. Mən də onlara dedim ki, mənə lampaları dəyişmək lazım deyil. Elektrik sistemini düzəldin ki, lampalar hər dəfə yanmasın. Ustaların meneceri dedi ki, indi vaxt yoxdu, şənbə günü gələrsən”.

F. Əliyev onu da qeyd edib ki, elə həmin gündən maşını sürməyib: “Gecə saat 4-də qonşular çağırdılar ki, maşının yanır. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Sumqayıt şəhər şöbəsinin təhqiqatçısı və mütəxəssisi də gəlmişdi. Maşına baxış zamanı təsdiq etdilər ki, tok sistemində nasazlıq olduğu və şirkət tərəfindən qoyulan ksenon lampa düzgün işləmədiyi üçün qısaqapanmadan maşın alışıb-yanıb. Səhəri gün maşını aldığım şirkətə zəng vurdum və hadisəni danışdım. Onlar da dedilər ki, sğorta şirkəti gəlib şəkili çəkəndən sonra maşını bizə təhvil ver, baxış keçirək və sənə köməklik edək. Amma heç yerdə demə ki, hadisə bizim səhvimizdən olub. Mən də razı oldum və maşını yanmış vəziyyətdə evakuatorun köməyi ilə onların servisinə təhvil verdim. Hadisədən artıq bir ay keçib. İndi nə təzə maşın verirlər, nə də ödədiyim pulu. Mənə demişdilər ki, əgər istəsən təzə maşın verərik, istəməsən də pulunu qaytararıq. İndi heç birini etmirlər”.

Şikayətçi bildirir ki, şirkət camaatı aldadıb qüsurlu maşınları baha qiymətə satır, bir problem olanda isə gizlənir: “Bu qədər məsuliyyətsizlikmi olar?”.

F. Əliyev sözügedən şirkətlə bərabər MBASK sğorta şirkətindən də şikayət edib. O bildirib ki, həmin sğorta şirkəti ilə müqavilə bağlamasına baxmayaraq bir aydır ki, onların da qəbuluna düşə bilmir.

“Qafqazinfo” məsələ ilə bağlı “Performance center” şirkəti ilə əlaqə saxlasa da şirkət rəsmiləri cavab verməkdən yayındılar: “O maşınla bağlı heç bir problem yoxdur”.

MBSK sığorta şirkətinin müştəri xidmətlərinin mütəxəssisi Samirə Xasayeva isə saytımıza açıqlamasında bldirib ki, Fətəli Əliyevin maşını kreditlə alınan avtomobildir və texniki səbəblərə görə yanıb: “Ümumiyyətlə, texniki səbəbdən problem olanda sığorta şirkəti pulu ödəməkdən imtina da edə bilər. Amma bizim şirkəti pulu ödəməkdən imtina etməyib. Sadəcə maşın kreditdə olduğu üçün bizimlə maşının sahibinin arasında faydalan şəxs var. Bu faydalanan şəxs də bankdır. Bank yazılı şəkildə bizə məktub göndərməlidir ki, pul ya nağd, ya da hesaba köçürülmə yolu ilə vətəndaşa ödənilsin. Burada müşətərinin günahı yoxdur, çünki o maşını istifadə etmədiyi halda yanğın baş verib”.

S. Xasayeva qeyd edib ki, bankdan məktub hələ də onlara göndərilməyib: “Biz bir neçə dəfə müştəri ilə əlaqə də saxlamışıq. Bundan sonra gərək “Performance center” şirkətinin texniki servisi ilə də əlaqə yaradaq”...

Gülnar