Peşə məktəblərinə qəbul başladı

pese-mekteblerine-qebul-basladi
Oxunma sayı: 7044


Abituriyentlərin ərizələrinin qəbulu internet vasitəsilə aşağıdakı qaydada aparılır:

“Qafqazinfo” xəbər verir ki, abituriyentlər TQDK-nın İnternet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu doldururlar.

Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər:

2012/2013-cü tədris ilində Azərbaycan Respublikasının ümumi və ilk-peşə ixtisas təhsili müəssisələrinin 9-cu, 10-cu və 11-ci siniflərini bitirən abituriyentlər; 

2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycan Respbulikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər. 


Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə Bakı şəhəri 42 nömrəli tam orta məktəbində və TQDK-nın regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər: 

Nəsimi rayonu 42 nömrəli tam orta məktəb (Bakı ş., Mir-Qasımov küçəsi, 6, Nəsimi bazarının yaxınlığında); 

TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10); 

TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina); 

TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52); 

TQDK-nın Quba Regional Bölməsi (Quba ş., Fətəlixan küçəsi, 8); 

TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182); 

TQDK-nın Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19); 

TQDK-nın Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43); 

TQDK-nın Ağcabədi Regional Bölməsi (Ağcabədi ş., Faiq Əlizadə küçəsi, 1). 


Abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər: 

- internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdikləri iş nömrəsi və şifrini; 

- ümumi orta təhsil haqqında sənədin (şəhadətnamənin) əslini; 

- şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

və yeni çəkilmiş 3x4 sm ölçüdə 1 ədəd fotoşəkli.- 16 yaşı iyulun 10-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan sənədlərlə yanaşı təhsil aldıqları müəssisədən fotoşəkli olan arayışı (Əlavə 1) 


Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər ümumi qaydada TQDK-nın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək iş nömrəsi və şifr əldə etməlidirlər. Bundan sonra abituriyent: 

– iyulun 17-dən 31-dək tələb olunan sənədləri Qeydiyyat Komissiyasına (bax səh. 7, “Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”) təqdim etməklə qeydiyyatdan keçməlidirlər (Qeydiyyat Komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər). Qeydiyyatdan keçmiş abituriyentə seçmə turun keçirildiyi müəssisənin ünvanı, tarixi və vaxtı yazılmış “Seçmə tura buraxılış vərəqəsi” verilir; 

avqustun 5-dən 13-dək seçmə turda iştirak etməlidir. 

Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir (bax səh. 7, “Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”). 

Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin “Musiqi müəllimliyi”, “Musiqi nəzəriyyəsi”, “Xor dirijorluğu”, “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” (Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” ixtisasları istisna olmaqla) ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər Seçmə turda iştirak etmirlər. 

– seçmə turda iştirak etdikdən sonra avqustun 

15-dək ərizəsinin təsdiq olunmasını 1-ci bənddə göstərilən qaydada təmin etməlidir. 

Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənətləri istiqamətlərinin və Musiqi sənəti istiqamətinin “Xanəndəlik”, “Vokal sənəti”, “Aşıq sənəti”, həmçinin AMK nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” ixtisaslarını yalnız seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər. 

Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. 

İmtahanda iştirak etmək üçün abituriyent müəyyən olunmuş tarixdə internetdən «İmtahana buraxılış vərəqəsi»ni çap edir. 

Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15, bütövlükdə 45 sual təqdim olunur. 

Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan suallarına cavab verirlər. Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunur. 

Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 1 saat 30 dəqiqə vaxt ayrılır. 

Ərizə qəbulunun tam mətni, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə formasının doldurulma qaydası və onun nümunəsi “Abituriyent” jurnalının 4-cü sayında təqdim edilib.