“Peşman deyiləm” - Dəniz Yılmaz

pesman-deyilem
Oxunma sayı: 645

“Almaniya çox yaxşı komandadır. Dünya və Avropa çempionu olan komandaya qarşı oynadıq. Onlara qarşı mübarizə aparmaq asan deyil”.

Qafqazinfo” xəbər verir ki, bu sözlər millimizin futbolçusu Dəniz Yılmaza məxsusdur.

Milli komandamız DÇ-2018-in seçmə mərhələsində öz meydanında Almaniyaya uduzub – 1:4. Matçdan sonra əməkdaşımızın suallarını cavablandıran “Bursaspor”un futbolçusu fikirlərini bildirib: “Deməzdim ki, komanda yoldaşlarımı başa düşməkdə çətinlik çəkirdim”.

Dəniz Yılmaz bildirib ki, matçda start heyətdə başlamadığı üçün baş məşqçidən narazı deyil: “Heç bir narazıçılığım yoxdur. Baş məşqçi necə qərar verirsə, ona da hörmət edirəm. Azərbaycan millisini seçdiyimə görə peşman deyiləm”.

Futbolun sirlərini Almaniyanın “Bavariya” klubunda öyrənən Yılmaz sabiq komanda yoldaşı Tomas Müllerlə oyunun gedişində olan dialoqundan danışıb: “Dəyişən bir şey yoxdur. Tomas Müller dostumdu, “Bavariya”da bir yerdə oynamışıq. Yaxşı anlaşırıq, dialoqumuz da dostluqdan irəli gəlirdi”.

Dəniz millimizin qrupdan çıxmaq şansını da dəyərləndirib: “Pozitiv düşünürük. İrəlidə oyunlarımız var və inanırıq ki, qrupdan çıxa biləcəyik”.