Peşmançılıq...

pesmanciliq
Oxunma sayı: 13750


“Bir işə görə peşman olmaq, əslində, tövbə etmək deməkdir”.

Hz. Məhəmməd (s.a.v)

İnsan qəribədir... Bəzən etdiyi hərəkət(lər)dən, danışdığı söz(lər)dən peşman olsa da, bunu etiraf etmək istəmir... Bunun nüfuzuna xələl gətirəcəyindən, onun haqqında zəif xarakterli insan fikri formalaşdıracağından, bəzən isə təkəbbür(ün)dən, eqo(sun)dan etmək istəmir bunu...

Amerika ictimai-siyasi xadimi Tomas Robert Düarın gözəl bir fikri var, deyir: "Peşmançılıq nüfuza xələl gətirsə də, ruhu xilas edər”. Ruhu xilas etmədən isə heç birimiz gerçək insan olma yolunda irəliləyə bilmərik...

Böyük  islam  mütəfəkkiri  Muhəmməd  Qəzzali  deyirdi  ki, məzardakıların peşman olduqları şeylər üçün dünyadakılar bir-birlərini qırırlar. Gerçəkdən də insan az düşünür. Çünki (əslində) sonradan peşman olacağımız bir çox şeyləri zamanında etməmək bizim öz əlimizdədir. Əslində hər şey o qədər böyük önəm vermədiyimiz və peşman-çılıq çəkmədən etdiyimiz  kiçik  günahlardan başlanır.

Anlamına varmadan törətdiyimiz kiçik günahlar gələcəkdə utan-mazcasına və peşmançılıq çəkmədən törədə bildiyimiz böyük gü-nahlara yol aça bilər. Fransız  yazarı  Jozef  Juber  bu  fikirlərlə  insanları  sonradan peşman olacağı addımları zamanında atmamağa çağırırdı. Alman  alimi  və  yazıçısı  Georq  Lixtenberq  isə  yazırdı  ki, buraxılan səhvlərə görə peşmançılıq çəkməkdənsə, bu səhvlərə yol verməməyə çalışmaq lazımdır. – “Necə etmək?” – sualına ən qısa və doğru cavablardan birini isə tanınmış fransız filosofu və yazıçısı Mari Fransua Arue Volter verib. “Peşman olmaq istəmirsənsə, pis vərdişlərdən çəkin”. 

Qədim Çin mütəfəkkiri Konfutsi isə qəzəblə peşman olmaq duyğusunu səbəb və nəticə kimi görürdü və deyirdi: “Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan”.

Doğrudur, hər insan xata edə bilər amma gerçək insan xatalarını, səhvlərini anlayıb peşman olanlar və tövbə edənlərdir. “Etdiyin səhvdən dönməkdən qorxma” – deyən Konfutsidən yüz illər sonra tanınmış Amerika yazıçısı Mark Tven tövbə etməni əxlaqı təmir etməklə müqayisə edərək yazırdı: “Tövbə etmək əxlaqı təmir etmək kimi bir şeydir”.

Atalar sözlərimizdə isə gözəl bir hikmət var: “Ziyanın yarısından dönmək də xeyirdir” – deyirik...

Peşmançılıq hissi ilə axıdılan göz yaşını isə müdrik insanlar zəiflik əlaməti kimi deyil tam əksinə güclülük kimi qəbul edirdilər. Böyük türk mütəfəkkiri və şairi hz. Mövlanə deyərdi ki, içdəki kiri su deyil, göz yaşı təmizləyər.

Etdiyin əməldən zamanında peşman olmaq üçün isə İtaliya tarix-çisi və yazıçısı Nikkola Makiavellinin təbirincə desək, insan istəsə, vaxt tapa bilər... amma təəssüf ki, bu gün etdiyi hərəkətlərdən peşman olmayanların və tövbə etməyənlərin sayı getdikcə çoxalır və bu tendensiya hamımızı – insanlığı ciddi narahat etməklə yanaşı, ciddi düşündürməlidir....

Hz. Peyğəmbərimizin (s.a.v) yüz illər öncə söylədiyi sözlərlə  bu gün də insanlığa səslənir və deyir:

“Bir işə görə peşman olmaq, əslində, tövbə etmək deməkdir”...

Biz də bu kiçik yazımızı Peyğəmbər əfəndimizin – Allahın sonuncu elçisinin bu uca sözü ilə bitiririk...