Peyğəmbərdən bəhs edən səs-küylü film Bakıda - Video

peygemberden-behs-eden-ses-kuylu-film-bakida
Oxunma sayı: 3952

Azərbaycanda keçirilən İran Mədəniyyət Günləri çərçivəsində Bakıya məşhur iranlı kinorejissor Məcid Məcidi gəlib. 

“Qafqazinfo” xəbər verir ki, o, rejissoru və ssenari müəllifi olduğu və son illər səs-küyə səbəb olan “Məhəmməd - Allahın elçisi” filminin premyerası üçün paytaxta təşrif buyurub. 

Nizami Kino Mərkəzində baş tutan təqdimatda Mədəniyyət naziri Əbülfəs Qarayev, kino xadimləri, aktyor-aktrisalar, səfirlik əməkdaşları iştirak edib. 

“Oskar”a namizəd olan ilk iranlı rejissor M.Məcidi filmin nümayişindən əvvəl jurnalistlərin suallarını cavablandırıb:

“Bakını, sizi salamlayıram. Sevinirəm ki, burada filmlərimi tanıyırlar və sevirlər. Ümid edirəm ki, “Məhəmməd- Allahın elçisi” kinoteatrlarda göstəriləcək və əhali ekran işi ilə tanış olacaq. Kinonu 7 ilə çəkmişik. Mən nəticədən çox razıyam, hədəfimizə isə çatmağımıza çox var. İstəyirəm ki, film dünyanın hər yerində göstərilsin və islamın əsl simasını dünyaya tanıdaq. İslam haqqında dünyada yanlış təsəvvürlər yaradılır. Mərhəmət, sülh, fədakarlıq, gözəllik dinidir islam! Təəssüflər olsun ki, dinimiz barədə yanlış fikirlər səsləndirirlər. Onlardan ən pis nümunə isə İŞİD qruplaşmasıdır ki, islamı dünyaya mənfi təqdim edir”. 

Rejissor ekran işinin üç il sonra Bakıda təqdim olunmasının səbəbini açıqlayıb:

“Çox gecikmişik. İstərdim ki, Azərbaycanda filmə tez baxsınlar. Bunun üçün çox çalışdım. Ölkənin əksəriyyəti müsəlmanlardır. Özümdə sual yaranırdı ki, film niyə Bakıda göstərilmir?”

Məcidi Azərbaycan filmləri barədə məlumatsız olduğunu bildirib:

“Təəsüflər olsun ki, azərbaycanlı rejissorların işləri barədə məlumatsızam. İnşallah gələcəkdə müştərək layihələrə imza ata biləcəyik”. 

Qeyd edək ki, film hazırda Azərbaycan dilinə dublyaj edilir və təxminən 1 aya kinoteatrlarda nümayişi gözlənilir. 

Xatırladaq ki, 7 ilə çəkilən və 50 milyon dollara başa gələn “Məhəmməd - Allahın elçisi” filmi İran kinomatoqrafiya tarixinin ən bahalı kinosudur. Trilogiyanın ilk hissəsi olan 171 dəqiqəlik film Həzrət Məhəmmədin hələ peyğəmbər olmamışdan əvvəl - 12 yaşınadək olan həyatı vǝ o dövrdǝ Məkkədə cǝrǝyan edǝn hadisǝlǝrdən bəhs edir. Filmin prodüsseri Mark Cozefjdir, musiqiləri isə tanınmış azərbaycanlı bəstəkar-müğənni Sami Yusif ifa edib.

Elvin Elxan

Foto-Video: Pərvin Zeynal