“PFL-ə müraciət edəcəyəm” - Fariz Nəcəfov

pfl-e-muraciet-edeceyem
Oxunma sayı: 2001

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan kubokunda “Neftçi” üzərindəki 3-1 hesablı qələbədən sonra oyun barədə fikirlərini bölüşüb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

- "Qəbələ" adını növbəti dəfə kubokun finalına yazdırdı. Komandanızın finala vəsiqə qazanmasını təmin edən qarşılaşma haqda nə deyə bilərsiniz?

- Gərgin oyun olacağını bilirdik, başqa cür ola bilməzdi. Komandanın oyunundan razı qaldım, uşaqlar sonadək mübarizə apardılar.

- Bu gün "Qəbələ" çempionatın ikinci yarısının ən yaxşı oyununu sərgilədi. Bu fikirlə razısınız?

- İlk oyunda komandanın üzərində çox böyük təzyiq var idi. Ola bilər ki, komandanı çox sıxmışdıq. Həm çempionatdakı uğursuzluqlar, həm də kuboku sonuncu şans olaraq dəyərləndirirdilər. Ona görə gərginlik vardı və ilk oyun istədiyimiz kimi alınmadı. Komanda bu oyuna yaxşı hazırlaşmışdı və istədiyini meydanda edə bildi.

- İlk oyundakı nəticədən sonra finala vəsiqə qazanmağa inamınız var idi?

- Proqnoz verməyi xoşlamıram. Amma rahat idim, bilirdim ki, komanda asan təslim olmayacaq.

- "Qəbələ" belə vacib oyunların komandasıdı. Amma çempionatda bunun əksini görürük. Bu, nə ilə bağlıdı?

- Komandada baş verənləri analiz edirik. Onu deyə bilərəm ki, ciddi problem yoxdu. Səhvlərimizi bilirik, çempionluq əldən getsə də, kuboku qazanmağa çalışacağıq.

- Deyilənlərə görə, futbolçular uzun müddətdi maaş almırlar. Bu məsələ doğrudu?

- Səhv məlumatdı, heç vaxt belə bir şey ola bilməz. Hər yerdə olduğu kimi, bizdə də bir neçə gün gecikmələr olur və bunu normal qarşılaşmaq lazımdı.

- Kubokun finalı Qəbələdə keçiriləcək. Bunu komanda üçün əlavə motivasiya hesab etmək olar?

- Mən kubokun finalının Qəbələdə keçirilməsini istəmirdim. Çünki finala adlayacağımıza inanmırdım. Finalın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edəcəyəm. Amma sözsüz ki, doğma meydanda oynamaq əlavə üstünlük olacaq.

- Bu qələbə "Qəbələ"nin çempionat oyunlarına müsbət mənada təsir edə bilərmi?

- Kubok başqa turnirdi. Ona görə də bunun çempionat oyunlarına təsir göstərəcəyinə inanmıram. Bu oyun başa çatdı, çempionat matçlarına hazırlaşacağıq

- Komandanızın finaldakı rəqibi "Keşlə"di. Rəqib haqda nə deyə bilərsiniz?

- "Keşlə"ni hamı tanıyır, yeni baş məşqçi komandanı bir araya gətirə bilib. İnşallah, güclü qalib gəlsin.

- Roman Qriqorçukun adı bir neçə klubla hallanır. O, gələn mövsüm "Qəbələ"də çalışacaq?

- Mövsümün sonunda qərar verəcəyik. Səmimi deyirəm ki, Qriqorçukun taleyi kubokdan asılı deyil. Qazanılmayan kuboka görə məşqçi dəyişmək niyyətində deyilik. Bu barədə yekun qərarı klubumuzun prezidenti verəcək.