Pirallahıda şpris istehsal olunacaq

pirallahida-spris-istehsal-olunacaq
Oxunma sayı: 1170

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Pirallahı rayonunda işgüzar forum keçirib. 

“Qafqazinfo” xəbər verir ki, forumda Fondun icraçı direktoru Şirzad Abdullayev qurumun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. 

Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1360-dək sahibkarlıq subyektinin ümumi dəyəri 346 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 101,3 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, indiyədək  Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1373 investisiya layihəsinin maliyyələşdirilməsinə 397,8 milyon manat güzəştli kredit verilib. 

Forum çərçivəsində Pirallahı Sənaye Parkında güzəştli kredit ayrılmış şpris istehsalı müəssisəsinin tikintisi işlərinə baxış keçirilib. Azərbaycanda ilk dəfə yaradılacaq bu zavodda ildə 100 milyon ədəd şpris istehsal etmək mümkün olacaq.