Piyadanı vurub qaçan sürücü həbs edildi

piyadani-vurub-qacan-surucu-hebs-edildi
Oxunma sayı: 1335

Abşeron rayonunda qadın piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 17-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes Benz” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Ağayeva Səmayə Sabir qızını vurub, daha sonra hərəkət zolağının qarşı tərəfinə çıxıb “Ford” markalı 99-HP-526 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən qaçıb.

Piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Fakta görə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1990-cı il təvəllüdlü, Binəqədi rayon sakini Ruzpeykar Orxan Rüfət oğlu tərəfindən ona məxsus ”Mersedes Benz E 240” markalı 90 CP 033 dövlət qeydiyyat nişanlı avtomobillə törədilməsi müəyyən edilib və o, sentyabrın 20-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

O.Ruzpeykar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.