Plastik cərrah yerinə falçı

plastik-cerrah-yerine-falci
Oxunma sayı: 1914

Rövşən Naziroğlu

Köhnə qonşumuz Ədilə xalayla ölümündən üç gün qabaq yolumuz rast düşəndə rəhmətlik arvad kiçik qızının qoluna qol salıb dayanmışdı dayanacaqda. Məni görüb gülümsəmişdi. Yaxın durub hal-əhval tutmuşdum. Ayaqlarının ağrısına çarə tapa bilməyən həkimləri yamanlayandan sonra üzümü qarsan bir ah çəkib “Qorxuram bu baxtı bağlanmış balamı baş-göz etmədən öləm, uşağım qalsın arada” demişdi. Başımı qaldırıb “bəxti bağlanmış” qızın gözlərindəki yanğını görəndə isti basmışdı məni. Ürəyimdə nəfsimə lənət oxuyub sağollaşmışdım Ədilə xalayla.

Yumşaq arvad idi Ədilə xala. Toylarda ərinin qorxusundan qol götürüb oynaya bilməsə də yaslarda yana-yana dil deyib elə ağlayardı ki, məclisdə oturan ən daşürəkli adamın belə gözlərində yaş duruş gətirməzdi. Əza sahibləri gözlərini qurulayıb bir ağızdan dua eləyərdilər ki, Allah Ədiləyə oğul qismət eləsin. Bətni duaya qapalıydı. Hər il qız doğurdu. O səbəbdən günü gün deyildi evdə.

Əri içməyəndə adam balası olurdu. Dilinə zəhrimardan dəyəndə qırıb çatırdı evdəkiləri. Altıncı hamiləlik də qızla nəticələnəndə dəyyus, zahı arvadını elə bərk döymüşdü ki, yazıq qadın bir həftə yorğan-döşəkdən qalxa bilməmişdi. Bunu qonşu arvadlara danışanda ağrıdan çox utandığından ağlamışdı bəlkə də.

Həmişə geyindiyi paltarların ətəyi yerlə sürünərdi. Məhlədəki arvadlar niyə bu qədər uzun geyindiyi ilə maraqlansalar da, sirrini təkcə bacılığı Sənəmə açmışdı. Sənəm də ona etibar olunan sirri məhlədə kişili-arvadlı hamıya danışmışdı.

Əri stulun qıçıyla döyüb göyərdirmiş ayaqlarını. Hansısa qonşu arvad məsləhət görmüşdü: “İstəyirsən ərin səni çox istəsin, dabandaşı ilə dabanlarını ov, tök onun yeməyinə. ”

Axşam süfrə başında ürəyi əl verməmişdi, yeməyin tərkibindən agah eləmişdi ərini. Bu hadisədən sonra iki ay kandardan bayıra ayaq qoymamışdı rəhmətlik.

Ədilə xalanın yeganə pis tərəfi falçı, cadugər qapısı döyməsiydi. Harda axşam yerinə normal uzanıb, səhər yuxudan falçı oyanan şarlatan vardısa, adları, ünvanları əzbərindəydi. Gah şirinlik duası yazdırardı, gah kitaba baxdırardı. Hansısa şarlatan desəydi ki, evinizdə cadu var, arvad üç gün özünə gələ bilməzdi. Yəhudi borcu olsa belə, bir yerdən pul tapıb caduçıxardanı gətirərdi evə. Cadukün da göz-göz eləyib kim bilir, harasında gizlətdiyi xırda bükülünü atardı divanın altına. Ədilə xala caduçıxardanın nişan verdiyi yerdən çıxan bükülünü qızlardan birinə verərdi ki, aparıb murdarlasın. Sonra başlayardı baldızlarını qarğışlamağa.

Qızları bir-bir ailə qurduqca rəhmətliyin falçılara inamı daha da artırdı. Amma qızlarının başqa yuvaya uçmalarına səbəb olan iki məqam vardı: gözəl və əndamlıydılar. Həm də bir çox şeyi gözə alıb eyni vaxtda üç oğlanla eşq-məhəbbətdən danışan qız sonunda üç oğlandan birinə bənd eləməliydi özünü. Ədilə xala bunları bilmirdi bəlkə də. Qohum-qonşu da deyib özünü pis eləmək istəmirdi.

Əri çoxdan ölmüşdü. O boyda mülkdə kiçik qızıyla qalmışdı. İndi falçıları daha sərbəst ziyarət eləsələr də nə yazılan duaların bir xeyri olurdu, nə də çıxarılan caduların. Kiçik qızın adını tutan bir Allah bəndəsi çıxmırdı meydana. Qol boyda burnu varıydı zalım qızının. Çənəsi də özünü vermişdi qabağa.

İndiyə kimi falçılara xərclədiyi pullarla qızının burnunu plastik əməliyyat elətdirib çənəsini qaydaya sala bilərdi. Ondan sonra oturub qapılarına gələn elçilərin siyahısını tutardılar. Qızın da gözlərinin odu bir balaca səngiyərdi.

Ölümündən üç gün qabaq gördüyümdə də falçıya gedirmişlər. Falçıdan çıxanda ürəyi tutub, aparıblar xəstəxanaya. Öləndə qızını bacılığı Sənəmə tapşırıb.

Deyirlər, dayanacaqda indi də Sənəm arvadın qoluna qol salır Ədilə xalanın kiçik qızı...