Polad Bülbüloğlunun ədavət apardığı məşhur sənətkarlar - Müslüm Maqomayev, Məlik Dadaşov...

polad-bulbuloglunun-edavet-apardigi-meshur-senetkarlar
Oxunma sayı: 7490

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun mərhum və dünya şöhrətli ifaçımız Müslüm Maqomayevlə bağlı qadağalar tətbiq etməsi ilə bağlı iddialar geniş müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı artıq ziyalılar da öz mövqelərini bildiriblər. 

“Qafqazinfo” xəbər verir ki, xalq artisti Xuraman Qasımova Musavat.com-a açıqlamasında səfirin bu addımını pisləyib: “Onun ixtiyarı yoxdur belə bir qadağa qoymağa... Çünki Müslüm Maqomayev çox böyük bir şəxsiyyət idi”.

İddialara görə, səfir təkcə Müslüm Maqomayevlə deyil, digər məşhur sənətkarlarla da ədavət aparıb.

Məlumatlara görə, onlardan biri də dünya şöhrətli ifaçılarımız Fidan və Xuraman Qasımova bacılarıdır. Məlum olduğu kimi, hər iki ifaçı təxminən 20 il bundan əvvəl heç bir səbəb olmadan Opera və Balet Teatrından uzaqlaşdırılıblar. Hansı ki, həmin ildə elə Müslüm Maqomayevin adı teatrın siyahısından çıxarılıb.
Bu haqda Xuraman Qasımovanın musavat.com-a verdiyi sonuncu açıqlama əslində, bütün mətləblərə aydınlıq gətirir:“O zaman nazir idi, hər şey onun əlində idi, nə istəyirdi, edirdi. Kim onunla savaşacaqdı?”

Ölkə.az saytının yazdığına görə, Polad Bülbüloğlunun ədavəti olan başqa bir sənətkar Məlik Dadaşov olub. Azərbaycan kinosunun əfsanəsi ilə Polad Bülbüloğlunun münasibətləri 80-ci illərin sonlarında korlanıbmış. Deyilənlərə inansaq, M.Dadaşov Polad müəllimin atası Bülbüllə bağlı hansısa xoşagəlməz ifadə səsləndirib və ondan sonra münasibətlər korlanıb. Hətta iş o yerə çatıb ki, Məlik Dadaşovun vəfatından sonra P.Bülbüloğlu bu ədavəti onun oğlu, xalq artisti Rafael Dadaşovla aparırmış. 

Qeyd edək ki, Polad Bülbüloğlu Rusiyaya səfir göndərildikdən sonra daha bir fakt ictimailəşdirilməyə başladı. Bu, “Koroğlu” operasının ilk “Nigarı” olmuş Gülarə İskəndərova haqqında idi. Hansı ki, az qala yarım əsr ilk “Nigar” haqqında məlumatlar gizlədilib, onu xalqın və tarixin yaddaşından silməyə çalışıblar. Hətta musiqi dərsliklərində Gülarə İskəndərovanın ilk Nigar olması ilə  bağlı bir cümləyə belə, rast gəlinmirdi.

Bəs Gülarə İskəndərova kim idi? 1937-ci ildə baş verən bir hadisə mədəniyyət tariximizə qızıl hərflərlə yazıldı. Həmin il aprelin 30-da Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəyovun dahiliyini bir daha təsdiqləyən “Koroğlu” operasının ilk tamaşası oynanıldı.

Koroğlu obrazının ifaçısı Bülbül, Nigarın ifaçısı isə onun həyat yoldaşı olmuş 26 yaşlı Gülarə İskəndərova idi. Araşdırmalar onun çox istedadlı ifaçı olduğunu göstərir. Hətta 1938-ci ildə gənc ifaçı “Şərəf ordeni” ilə təltif olunur. Cütlüyün Emin adlı oğlanları da var idi. Lakin çox təəssüf ki, bu nikah pozulur. Bununla da özünün səs dünyasını Bülbülsüz təsəvvür edə bilməyən Gülarə xanım sənət dünyasını da tərk etməli olur. Bir müddət sonra isə o, meliorasiya naziri işləyən Yusif Nəzirovla ailə qurub. Bu izdivacdan Leyla adlı qızları da dünyaya gəlib. Ailə bir müddət Bakıda, sonra isə müəyyən fasilələrlə, həm də Klyazma və Moskva şəhərlərində yaşayıb. Ərinin vəfatından sonra isə qızı Leyla ilə birlikdə birdəfəlik Moskvaya köçüb. 80-ci illərin ortalarında qızının ailəsi ilə birlikdə Amerikanın Sent-Luis şəhərinə üz tutub. Onun haqqında geniş məlumatlar yalnız 2006-ci ildən sonra ortaya çıxmağa və araşdırılmaya başlanıb.