Polis bu yoldan dönənləri niyə cərimələyir? - Video

polis-bu-yoldan-donenleri-niye-cerimeleyir
Oxunma sayı: 5737

Bakı sakini Fərid Əhmədov qarşılaşdığı bir problemlə bağlı “Qafqazinfo”ya müraciət edib. 

O bildirib ki, son günlər Dövlət Bayrağı meydanından (Dalğa Plazaya tərəf) gələrkən Bayıl tərəfə dönmək üçün Səbail Rayon Dövlət Yanğından Mühafizə idarəsinin qarşısındakı yol ayrıcından manevr edən sürücülərin bəziləri Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən cərimələnir:

“Bakı şəhərinin müvafiq yerlərinə getmək üçün göstərilmiş istiqamət alternativ yol olduğundan bir çox sürücülər kimi mütəmadi olaraq mən də həmin yoldan istifadə edirəm. Lakin, son günlərdə həmin istiqamət üzrə manevr edənlərin YPX əməkdaşları tərəfindən cərimələndiklərinin şahidi olmuşam. Bəzi hallarda da sürücülər YPX əməkdaşının gözü qarşısında həmin istiqamət üzrə rahat manevr edirlər. Aidiyyəti orqanın əməkdaşlarından həmin istiqamət üzrə qayda pozuntusu sayılan səbəbləri soruşduqda məlumatsız olduqlarını bildirirlər.

Bilmək istərdim ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərini pozmadan qeyd olunmuş ərazidən Bayıl istiqamətinə (Mikayıl Hüseynov prospektinə) manevr etmək qayda pozuntusu sayılırmı?”

“Qafqazinfo” məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. O bildirib ki, həmin şəxslər manevr etdiyi üçün yox, dönərkən yolkəsişməsi ilə hərəkət edən digər avtomobillərə mane yaratdıqları üçün cərimələnirlər:

“Oradan dönmək inzibati xəta hesab olunmur. Əksinə, dönmək olar. Amma yol kəsişməsində hərəkətdə olan avtomobillərin hərəkətinə tam şərait yaradılmalıdır”.

Günel Hacı