Polis gücləndirilmiş rejimdə işləyəcək

polis-guclendirilmis-rejimde-isleyecek
Oxunma sayı: 633

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov cümə günü Trend-ə bildirib ki, bu məqsədlə daxili işlər naziri, general-polkovnik Ramil Usubov xüsusi göstəriş verib.

Göstərişə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Həmçinin sutkalıq fəaliyyət göstərən əməliyyat qrupları yaradılacaq.

Göstərişə əsasən bayram şənlikləri keçirilən yerlərdə, insanların kütləvi istirahət etdikləri ərazilərdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq məqsədi ilə zəruri tədbirlərin görülməsi təmin olunmalıdır.

Onun sözlərinə görə, bayram şənlikləri ilə əlaqədar respublikamıza gələn qonaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə əlavə tədbirlərin görülməsi, onların yaşadığı mehmanxanaların ətrafında polis xidmətlərinin gücləndirilməsi də nəzərdə tutulub.

Nazirlik rəsmisinin sözlərinə görə, su, hava, dəmiryol nəqliyyatında, metropolitendə, avtovağzalda, xarici ölkələrin diplomatik nümayəndəliklərində, mühüm əhəmiyyətli obyektlərdə mühafizənin gücləndirilməsi, törədilə biləcək hər hansı qanuna zidd hərəkətlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçiriləcək.