Polis İdarəsi və prokurorluq da Maştağadakı güllələnmə ilə bağlı məlumat yaydı - Yenilənib

polis-idaresi-ve-prokurorluq-da-mastagadaki-gullelenme-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 1002

Daxili İşlər Nazirliyi (DİN) Maştağada baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumata əsasən, mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib. 

Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapança və 6 ədəd patron götürülüb.

***

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu Sabunçu rayon sakininin güllələnməsi faktı ilə bağlı birgə məlumat yayıb.
 
Prokurorluqdan “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, mayın 19-da saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1977-ci il təvəllüdlü qəsəbə sakini Ədalət Babayev aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi “Makarov” tipli tapançadan həmyerlisi - 1990-cı il təvəllüdlü Elnur Dadaşova bir atəş açaraq qol nahiyəsinə xəsarət yetirib. E.Dadaşov xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.  
 
Ə.Babayev könüllü rayon Polis İdarəsinə gələrək təslim olmuş və cinayətin törədilməsində istifadə etdiyi tapançanı və patronları təhvil verib.
 
Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və Ə.Babayev şübhəli şəxs qismində tutulub.
 
Hadisə yerinə baxış keçirilərkən oradan güllə gilizi aşkar edilərək maddi sübut kimi götürülüb. 
 
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.