Polis sevgilisi ilə qaçan qız özünü niyə öldürüb?

polis-sevgilisi-ile-qacan-qiz-ozunu-niye-oldurub
Oxunma sayı: 12630

Bir neçə gün öncə valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar etdiyi deyilən 22 yaşlı qızın ölümü ilə bağlı detalları məlum olub.

Məlumata görə, 1995-cü il təvəllüdlü Xalidə Vəliyeva noyabrın 12-də paytaxtın Qara Qarayev prosektindəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Mərhum X.Vəliyevanın anası Validə Vəliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qızının onlar tərəfindən zorla ərə verilməsi yalandır:

“Qızım Xalidə noyabrın 12-də Quliyev Balakişi Eldəniz oğlu ilə qaçıb. Onlar birlikdə Balakişinin “Mercedes” markalı maşını ilə Şamaxıdan Bakıya gediblər. Qızım həmin gün saat 11:11-də böyük bacısına “SMS” yazaraq “Dadaş”la qaçdığını, şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyünü yazmışdı. Oğlanın ləqəbi “Dadaş”dır.

Həmin gün də saat 16:45-də ölüm xəbəri gəldi. Qızım demişdi ki, öz razılığı ilə Balakişi ilə gedib və nikah bağlayacaqlar. Burda başqa bir söhbət olmayıb”.

V.Vəliyeva qeyd edib ki, qızını qaçıran 1983-cü il təvəllüdlü B.Quliyev əslən Şamaxıdan olsa da, Bakının Nizami Rayon Polis Şöbəsində işləyir: “Hadisədən sonra onun da izahatı alınıb buraxılıb. Nə Balakişi, nə də ailəsi bizə gəlib . Hadisə də necə olub bilmirik. Yalandan mətbuata məlumat ötürülüb ki, guya biz qızımızı zorla ərə vermişik deyə intihar edib”.

V.Vəliyeva bildirib ki, B.Quliyevlə qızı məktəbdən tanış olublar: “Mən Şamaxıda müəllim işləyirəm, Balakişiyə də dərs demişəm. Çoxdandır bir-birilərini istəyirdilər”. 

Murad Əhməd