“Polisdə olmuşam, amma narkotik satmaqla saxlanılmamışam” - Video

polisde-olmusam-amma-narkotik-satmaqla-saxlanilmamisam
Oxunma sayı: 4323

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb və onların arasında sərbəst güləş üzrə gənclər arasında dünya çempionu, Bakı-2017 İslam Oyunlarının, Minsk-2019 Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov da olub. Daha sonra o, sərbəst buraxılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

“Qafqazinfo” xəbər verir ki, bu xəbərlərdən sonra instaqram hesabında canlı yayım edən idmançı isə tutulmasını təkzib edib.

O bildirib ki, yazılanlar şər-böhtandır: “Mənim 4 kq narkotiklə tutulduğum barədə xəbərlər var. Guya polis məni saxlayan zaman üzərimdə psixotrop maddələr və digər narkotik növləri olub. Bilirsiz ki, 4 kilo narkotiklə tutulan biri azadlıqda ola bilməz. Necə bir oyun olduğunu bilmirəm. Narkotiklə indiyə qədər heç bir əlaqəm olmayıb. Yazıblar ki, guya Suraxanı, Mehdiabad, Mərdəkanı narkotiklə mən təmin edirəm. Bunların hamısı şər-böhtandır, yalandır. Əgər deyilən qədər narkotiklə tutulmuşamsa, polis evimə gələrdi, yoxlayardı. Amma mən günlərdir ailəmlə birlikdəyəm, evimdəyəm və heç yerə getməmişəm. Düzdür, polisdə olmuşam, amma narkotik satmaqla saxlanılmamışam. Başqa məsələ olub. Məşqlərimi də edirəm, idmanla məşğul oluram. Məqsədim odur ki, bu xoşagəlməz söhbətlərə son qoyum. Hamı bilir ki, illərdir güləşdə əziyyət çəkib medallar qazanıram. Qazandığım medallara görə dövlət mənə kifayət qədər yaxşı mükafatlar verib. Uğurlarıma görə qazandığım pullar özümə bəs edir. Niyə mən narkotik satmalıyam? Düzdür, vaxtikən səhvlərim olub. Buna görə də hər kəsdən üzr istəmişəm. İndi məqsədim Azərbaycan bayrağını başımın üzərində dalğalandırmaq, yeni uğurlar qazanmaqdır”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru, mayor Anar Qafarov “Qafqazinfo”ya bildirib ki, ailənin iddiaları həqiqəti əks etdirmir: “Bu barədə artıq DİN rəsmi məlumat yayıb. Həmin şəxslə bağlı cinayət işi başlanılıb. Ona görə də ailənin ittihamları əsassızdır”.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti Mahir Əmiraslanov barədə açıqlama verərək onun yığmadan kənarlaşdırıldığını bildirib: “Məşqçilər heyəti və federasiya bir neçə dəfə intizamsızlığına görə onu cəzalandırıb, hətta yığmadan uzaqlaşdırıb. Nizam-intizam kodeksinə əməl etmədiyi üçün onun barəsində bu cür qərar verilib”.

Həmçinin oxuyun: Sabunçuda narkotik satan 40 nəfər saxlanılıb - Video

Federasiyadan narkotiklə saxlanılan güləşçi barədə - Açıqlama

Azərbaycanlı tanınmış güləşçi narkotik satırmış... - Foto