Polisdə saxlanılan xalq artistinin oğlu danışdı

polisde-saxlanilan-xalq-artistinin-oglu-danisdi
Oxunma sayı: 672

APA-nın xəbərinə görə, bu barədə rejissorun özü "Facebook" sosial şəbəkəsindəki profilində açıqlama yayıb.

Ülvi Mehdi hadisə ilə bağlı bunları yazıb: "Bakıdakı "Jazz-Center"də Böyük Britaniya səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə əcnəbi diplomatların sənədləri itib. Məni heç bir səbəb göstərmədən polis idarəsinə dəvət etdilər. Orada mənə tanımadığım diplomatın sənədlərinin itməsi barədə məlumat verdilər. Çay süfrəsi ətrafında etdiyimiz söhbət zamanı tədbirdə məhz harada oturduğumu göstərdim. Hadisəyə heç bir aidiyyətimin olmadığına inanıb mənimlə sağollaşdılar".

Rejissor polisin ondan şübhələnməsinin səbəblərini də açıqlayıb: "Çünki polisə məlumat verən şəxs, yumşaq desək, murdar administratordur - Caz Mərkəzinin rəhbərliyini təmsil edən xəbərçi. O, hüquq-mühafizə orqanlarına məlumat verib ki, guya mən diplomatın yerində oturmuşam və qatı müxalifətçiyəm. Bunun səbəbi isə odur ki, iki il əvvəl o, hələ ofisiant olarkən məndən artıq hesab almaq istəməsinin üstünü açmışam. Bax, budur heç bir dəyəri olmayan həşəratların iyrənc alçaqlığı. Bəzi bədxahlarım da tapıldı ki, mənim artıq zirzəmidə və polis dubinkası altında olmağım haqqında şayiələr yaydılar. Onu görməyəcəksiniz!"

Qeyd edək ki, Ülvi Mehdinin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması haqda ilk məlumatı onun dostu, bəstəkar Elmir Mirzəyev sosial şəbəkədədəki səhifəsində yayıb. Onun yazdığına görə, Ülvi "Art For Democracy" tədbirində iştirak etdiyinə görə saxlanılıb: “Dünən ona Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov açıq nömrədən zəng edərək söhbətə çağırıb. Söhbət sadəcə "gəlin çay içək" formatında olub, Ülvi getməyib. Rəsmi vərəqənin yollanmasını tələb edib. Bundan sonra Ülvi mənə telefon açıb görüşməyimizi, bərabər olmağımızı xahiş etdi və mən gəldim. Bir az sonra, axşam saat 20:00 radələrində Ülviyə "Jazz Center"in administratoru Ruslan da telefon açıb, onun bu mərkəzə gəlməsini xahiş etdi. O dedi ki, indi bura polisdən gələcəklər və səninlə danışmaq istəyirlər. Səbəb də sənin "Art For Democracy" tədbirində iştirak etməyindir. Ülvi ona da bildirdi ki, gəlməyəcək. Bundan sonra ona daha bir neçə dəfə zəng edildi. Ülvi bir daha Süleyman Nemətova bildirdi ki, rəsmi kağız istəyir, əks halda, heç kimlə görüşməyəcək. Dünən evə gedəndə mənə dedi ki, bu məsələnin ictimailəşməsini, mətbuatın bilməsini istəmir, hələlik yayılmasın. İndi də qısa telefon söhbətində dedi ki, onu evə gəlib götürüblər, hazırda idarəyə aparırlar”.

Xatırladaq ki, Ülvi Mehdi xalq artistləri Şəfiqə Məmmədova və rejissor Mehdi Məmmədovun oğludur.