Polisdən zəng var – Sürücülər üçün

polisden-zeng-var-suruculer-ucun
Oxunma sayı: 699

Son on ildə ölkəmizdə sürücülərin və avtomobillərin sayı dəfələrlə artıb, yollarımızda əməlli-başlı sıxlıq yaranıb. Belə şəraitdə sürücü intizamsızlığı da artmaqdadır və bunun məntiqi nəticəsi olaraq hər gün yollarda ölən və yaralananlar barədə məlumatlar gəlir, yaxud saatlarla tıxacda qalmaq adi hala çevrilib. Deməli, yollarda, küçə və prospektlərdə nəzarəti də artırmaq zərurəti yaranıb. Həmin nəzarətin DYP tərəfindən həyata keçirildiyini düşündükdə, belə çıxardı ki, nəqliyyat sıxlığı artdıqca, DYP əməkdaşlarının sayı da artırılmalıdır. Bu isə maliyyə və təşkilati baxımdan çətin məsələdir. Ona görə də dünyanın qabaqcıl dövlətlərində həmin problemin həllinin ən gözəl variantı kimi yolların elektron qurğuların köməyi ilə nəzarətə götürülməsi tətbiq edilib. Ölkəmizdə də bu səmərəli təcrübə var. Son bir ildə isə xüsusi texniki vasitələrin köməyi ilə yollara nəzarət edilməsi, həmin vasitələrin qeydə aldığı qayda pozuntularının rəsmiləşdirilməsi ilə bağlı qanunvericilikdəki əksər çatışmazlıqlar aradan qaldırılmış, elektron qaydada cərimə tətbiqi təcrübəsi genişlənməyə başlayıb.

Bu məsələ ilə bağlı hörmətli sürücülərimizin nəzərinə bəzi məsləhətlərimi çatdırmaq istərdim. Hər şeydən əvvəl, təəssüflə qeyd etmək istəyirəm ki, ölkəmizdə sürücü intizamsızlığı dözülməz həddə çatıb. DYP-nin rəsmi statistikasına görə il ərzində bir milyon civarında qayda pozuntusu qeydə alınaraq rəsmiləşdirilir. Amma yol hərəkəti qaydalarının pozulması ən yüksək latentliyi olan (yəni gizli qalan, qeydiyyata düşməyən) hüquq pozuntuları sırasındadır. Mənim şəxsi müşahidələrim belə qənaətə gəlməyə əsas verir ki, ölkəmizdə hər gün sürücü kimi yola çıxan, demək olar ki, hər bir şəxs nəinki bir, hətta bir neçə qayda pozuntusu törədir. Deməli, həmin bir milyonluq qayda pozuntusu bizim faktiki olaraq bir neçə günlük «fəaliyyət»imizdə mövcuddur. Hətta məsələn, Bakı şəhərində yola çıxan avtobus sürücülərinin əksəriyyəti bir gün ərzində törətdiyi qayda pozuntularına görə nəzərdə tutulan cərimələri bir aylıq əmək haqqı ilə də ödəyə bilməz, üstəlik elə həmin bir günlük «əməyinə» görə sürücülük vəsiqəsini də yerə qoyası olar. Belə nəticəyə təəccüblənənlərə sadəcə onu xatırlatmaq istəyirəm ki, yolda hərəkət zolaqlarını ayıran qırıq-qırıq xəttin üstü ilə maşın sürmək, lazımsız yerə zolaq dəyişmək, işıqforun qabağındakı stop-xətti keçərək və ya onun üstünə çıxaraq dayanmaq, yolayrıcının yarısına qədər daxil olaraq yol vermək və başqa bu kimi adi bildiyimiz hərəkətlər də qayda pozuntusudur, özü də ən azı qırx manat cərimə deməkdir. Bunları sadalamaqda məqsədim kimisə qorxutmaq deyil. Hörmətli sürücülərimizi məlumatlandırmaq istəyirəm ki, elektron nəzarət vasitələrinin köməyi ilə belə «sadə» pozuntular da qeydə alınır. Ona görə də yaxın gələcəkdə işıqforun qarşısında stop-xətti keçərək dayandığınıza görə cərimə olunmağınız barədə bildiriş alanda təəccüblənməyin.

Belə vəziyyətlə qarşılaşmamağın ən sadə və çox asan yolu birdir: yol hərəkəti qaydalarına riayət etmək. Necə deyərlər, ən böyük biclik düzlükdür. Dəfələrlə deyilənləri bir də təkrarlayaraq, vurğulamaq istəyirəm ki, yol hərəkəti qaydaları ictimai davranış qaydalarının ayrılmaz tərkib hissəsidir. İctimai davranış qaydaları isə insanı insan edən müqəddəs dəyərlərdəndir, onları göz bəbəyi kimi qorumaq lazımdır. Bu qaydaları pozan hər kəs bütün cəmiyyətə, deməli həm də özünə hörmətsizlik edir.

Elektron nəzarət vasitələri ilə praktiki olaraq bütün qayda pozuntularını qeydə almaq mümkündür. Müasir dünyanın nəqliyyat sistemi belə nəzarətsiz xaos və intizamsızlıqdan ibarət ola bilər. DYP inspektorundan fərqli olaraq, nəzarət kamerası və ya radarın «diqqəti» heç vaxt yayınmır, onlar hər şeyi «görür», özü də «gördüyünü» təkzibolunmaz sübut kimi fotoşəkildə və ya videogörüntüdə rəsmiləşdirir.

İnzibati Xətalar Məcəlləsinə təxminən bir il əvvəl əlavə edilmiş 410-1-ci maddə elektron nəzarət vasitələrinin aşkar etdiyi pozuntuları rəsmiləşdirmənin yeni qaydalarını müəyyən edib. Həmin yeniliklərin birincisi qaydanı pozmuş sürücünün iştirakı olmadan elektron sənəd formasında protokolun tərtibinin mümkünlüyüdür. Belə protokol qaydanı pozan nəqliyyat vasitəsi ilə bağlı DYP-nin bazasında olan məlumatlar əsasında tərtib olunur. Protokolun surəti və ona əlavə olunan sənədlər həmin nəqliyyat vasitəsi adına qeydiyyatda olan şəxsə göndərilir. Bu şəxsin öz ünvanını dəyişmiş olması və ya məlumat bazasındakı ünvanın yanlışlığı səbəbindən bildiriş ona təqdim edilə bilmədikdə, yaxud həmin şəxs bildirişi almaqdan imtina etdikdə və ya şəxs bildirişdə göstərilən müddətdə DYP orqanına gəlmədikdə onun iştirakı olmadan cərimə tətbiqi barədə qərar da çıxarılır. Belə qərarın surəti elə həmin ünvan üzrə şəxsə göndərilir. Göstərilən səbəblərdən sürücü bu qərarın surətini almasa da, qərar ona çatdırılmış sayılır və 10 gündən sonra qüvvəyə minir. Cərimə tətbiqi barədə qərarın qüvvəyə mindikdən sonra icra edilməməsi isə artıq çoxlarına yaxşı məlum olan nəticələrə gətirib çıxarır: bir aydan sonra cərimə məbləğinin üzərinə hər gün üçün 2% dəbbə pulu gəlir; iki aydan sonra pozuntunun törədilməsində istifadə edilən nəqliyyat vasitəsinin saxlanaraq mühafizə olunan duracağa qoyulması haqqında qərar çıxarılır; üç aydan sonra isə artıq həmin şəxsin sürücülük hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Düzdür, bütün bunlar cəriməni ödətdirmək üçün edilir və cərimə ödəniləndən dərhal sonra bütün məhdudiyyətlər ləğv edilir. Lakin həmin tədbirlərə məruz qalan sürücü xeyli vaxt itirir, əsəblər gərilir, cərimədən əlavə onun məbləğinin 180%-inədək məbləğdə dəbbə pulu da ödəniləsi olur.

Odur ki, hörmətli sürücülər, harada olmasından, hansı yol şəraitindən asılı olmayaraq hərəkət qaydalarına riayət edin. Nəzərə alın ki, ölkəmizin əksər yolları artıq elektron nəzarət vasitələrinin müşahidəsi altındadır və kimsəsiz bir şəraitdə törətdiyiniz xətaya görə də cavab verməli olacağınız tam realdır.

İkinci maraqlı yenilik dayanma və durma qaydalarını pozmaya görə məsuliyyətə cəlb etmə ilə bağlıdır. Əvvəla, bu qayda pozuntusu ilə lazımi mübarizə aparılmasa, Bakının və bəzi başqa şəhərlərin bir sıra küçələri nəinki avtomobillər, hətta piyadalar üçün də keçilməz olar. Ona görə də bu qayda pozuntusunun qarşısı həm evakuasiya yolu ilə, həm də yeni qaydaya əsasən sürücünün iştirakı olmadan yerində protokol tərtib edilərək alınır. Yerində protokol tərtib edildikdə nəqliyyat vasitəsinin dayanma və ya durma qaydalarını pozmasını əks etdirən fotoşəkil də çəkilir, həmin protokolun və fotoşəkilin bir nüsxəsi avtomobilin ön şüşəsinə (şüşəsilənin altına) qoyulur.

Bəzi sürücülər dayanma və durma qaydalarını bilməmələri səbəbindən avtomobillərinin ön şüşəsində belə protokol və fotoşəkil görəndə, yaxud həmin protokol və fotoşəkilin poçtla göndərilən nüsxəsini alanda təəccüblənirlər. Ona görə də dayanma və durma qaydalarını yaxşı öyrənmək, avtomobili harada parklamağa diqqət yetirmək lazımdır. Məsələn, hər bir sürücü bilməlidir ki, dayanma və durma qadağan olunmayan yerdə də ikinci cərgədə dayanma və durma qadağandır, yəni artıq orada dayanmış avtomobil varsa, onun bərabərində hətta yol geniş olsa da, dayanmaq olmaz. Başqa bir tipik pozuntu səkiyə çıxmaqla parklanma halları, habelə bunun nəzərdə tutulmadığı yerdə səkiyə paralel deyil, müəyyən bucaq altında (o cümlədən səkiyə perpendikulyar) parklanma ilə bağlıdır. Hörmətli sürücülər, nəzərə alın ki, yalnız 5.15 «Duracaq yeri» nişanının 7.6.2, 7.6.3, 7.6.6, 7.6.7, 7.6.8 və ya 7.6.9 lövhəciklərindən biri ilə quraşdırıldığı yerdə avtomobili həmin lövhəcikdə göstərilən üsulla səkiyə çıxarmaqla parklanma olar. İstənilən digər halda və yerdə avtomobili tam və qismən səkiyə çıxarmaqla parklama qadağandır və sizin cərimə ödəməyinizə səbəb olacaqdır.

Buna bənzər qayda səkiyə paralel deyil, müəyyən bucaq altında durma hallarına da aiddir: belə parklanmaya yalnız iki halda yol verilir: 1) 5.15 nişanının 7.6.4 və ya 7.6.5 lövhəciyi ilə tətbiq edildiyi yerdə həmin lövhəcikdə göstərilən üsulla, yaxud səkiyə müəyyən bucaq altında çəkilən və parklanma yerini bildirən bütöv ağ xətlərin arasında yerləşmək şərti ilə; 2) həmin nişanlar, lövhəciklər və bütöv ağ xətlər olmasa da, yolun kənarındakı nisbətən geniş yerdə, bucaq altında dayanan avtomobilin yolun və küçənin əsas hərəkət zolaqlarında hərəkətə mane olmaması şərti ilə. Özü də yadda saxlamaq lazımdır ki, səkiyə tam və ya qismən çıxmaqla, və ya səkiyə müəyyən bucaq altında parklanma yalnız minik avtomobilləri və motosikletlər üçün nəzərdə tutula bilər. Avtobuslar və yük avtomobilləri hər hansı nişanın olub-olmamasından asılı olmayaraq səkiyə çıxmaqla və ya səkiyə bucaq altında parklana bilməz.

Dayanma və durmanın digər qaydalarına da diqqətlə yanaşmaq lazımdır. Məsələn, dayanan və ya parklanan avtomobillə yolun kənarı, bütöv nişanlanma xətti, əks tərəfdə dayanmış avtomobil və ya başqa maneə arasında 3 metrdən az məsafə qalarsa, istənilən belə yerdə, habelə giriş-çıxış yerləri qarşısında, yolların kəsişdiyi yerlərdə və onların 5 metr yaxınlığında, avtobus dayanacaqlarında və onlara 15 metr yaxınlıqda, piyada keçidində və keçidə 5 metr qalmış, habelə bəzi başqa yerlərdə də dayanma və durma qadağandır.

Ümumiyyətlə, bir toplum olaraq yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyi məsələlərinə münasibətimizi kökündən dəyişməyimiz zəruridir. Hər bir sürücü və ya başqa hərəkət iştirakçısı yol hərəkəti qaydalarına cərimə ödəyəcəyindən qorxaraq yox, bunun həyati əhəmiyyət daşıdığını dərk edərək riayət etməlidir. Unutmaq olmaz ki, hərəkət qaydalarının cüzi pozulması istənilən insanın həyatını və ya azadlığını itirməsi ilə nəticələnə bilər.

Ərşad Hüseynov
hüquqşünas