“Polisin imicinə ləkə yaxmağa çalışırlar”

polisin-imicine-leke-yaxmaga-calisirlar
Oxunma sayı: 646

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, martın 6-da Gəncə şəhər sakini Şahlar Əsgərov Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edib və bildirib ki, Kəlbəcər rayon sakini Gülöyşə Kərimova ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt edib və orada tikinti işləri aparır. Əsgərov polis idarəsindən həmin qanunsuz tikintinin qarşısının alınması üçün kömək edilməsini xahiş edib. Ərizə ilə bağlı araşdırma sahə inspektoruna tapşırılıb.

Martın 7-də sahə inspektoru ərizəçinin göstərdiyi əraziyə gedərkən orada həqiqətən də 4 fəhlənin qanunsuz tikinti işləri apardığını görüb və məsələni araşdırmaq məqsədilə həm ərizəçini, həm də tikintinin sahibi Gülöyşə Kərimovanı Nizami rayon Polis İdarəsinə dəvət edib. Bu zaman evdə olan Gülöyşə Kərimovanın 15 yaşlı qızı Almaz Kərimova anasının polis idarəsinə getməsinə etiraz əlaməti olaraq evdə olan nefti üzərinə tökərək özünü yandırıb. Evdə səs-küy gəldiyini eşidən sahə müvəkkili evə qaçıb və görüb ki, qız özünü yandırıb. Polis qızı tez qucağına götürərək həyətdəki qum topası vasitəsilə onun alovunu söndürüb və dərhal təcili tibbi yardıma zəng edərək həkim çağırıb, yeniyetmənin təcili olaraq xəstəxanaya çatdırılmasını təmin edib.

Bütün bunlar həmin qanunsuz tikintidə işləyən fəhlələrin şahidliyi ilə baş verib və artıq onlar da hadisənin məhz bu cür baş verdiyini təsdiq ediblər.

Lakin DİN sözçüsü qeyd edib ki, bəzi KİV-lərdə bununla bağlı yalan və polisin nüfuzuna xələl gətirən məlumatlar yayılıb. "Bəzi KİV-lər baş vermiş bu xoşagəlməz hadisədən sui-istifadə edərək daxili işlər orqanlarının nüfuzuna xələl gətirən, onun fəaliyyətinə qara yaxmaq məqsədilə əsası olmayan şər və böhtan xarakterli, yalan məlumat yayırlar ki, guya həmin yeniyetmənin özünü yandırması polisin gözü qarşısında və guya polisin təhriki ilə olub. Bu, kökündən yalan və əsası olmayan bir məlumatdır. Hadisə əslində yuxarıda qeyd edildiyi kimi baş verib. Yəni bəzi KİV-lərin yazdığı kimi orada Nizami rayon Polis İdarəsinin əməkdaşları deyil, yalnız şikayətçinin ərizəsini araşdıran bir nəfər sahə inspektoru olub. Həmin sahə inspektoru da Almaz Kərimovanı ölümdən xilas edib. Yəni sahə inspektoru olmasaydı, 15 yaşlı qız yanıb ölə bilərdi. Ona görə də qeyd edirik ki, bunu əllərində bayraq edib polisin imicinə ləkə yaxmağa cəhd edən bəzi KİV-lərin yaydığı məlumat əsassızdır, yalandır", - Zahidov bəyan edib.

Xatırladaq ki, martın 7-də Gəncə şəhərində anadan olmuş, 1998-ci il təvəlüdlü, Nizami rayonunun Gülüstan qəsəbəsi ərazisində, AKTA-nın 6 saylı yataqxanasında məskunlaşmış Kərimova Almaz Şamil qızı özünə od vuraraq yanıq xəsarətləri alıb.
Hadisə zamanı yeniyetmə qızın boyun nahiyəsi, eləcə də sağ və sol əli yanıb. Almaz Kərimova 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Almaz Kərimovanın ailəsi Kəlbəcər rayonundan olan məcburi köçkündür. Faktla bağlı Nizami rayon Polis İdarəsində təhqiqat aparılır.