Polisin məhkəməsində rəis dindiriləcək

polisin-mehkemesinde-reis-dindirilecek
Oxunma sayı: 1846

Bakı Ağır Cinayətlər Məhkəməsində “Range Rover”lə qəza törədərək iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə X.Məmmədovun vəkili vəsatət verərək hadisə baş verən zaman Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi olan Həsrət Aslanov və ekspert Hikmət İbişovun əlavə şahid qismində dindirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib, həmin şəxslər növbəti iclasda ifadə verməsi üçün məhkəməyə çağırılacaqlar. Proses martın 15-də davam etdiriləcək.

İttihama görə, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Hadisədən sonra başından xəsarət alan sürücü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.
Daha sonra həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o, həbs olunub. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib.

Murad Əhməd