“Polisin üzərinə vəzifə qoyulub ki...”

polisin-uzerine-vezife-qoyulub-ki
Oxunma sayı: 670

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, dairə seçki komissiyaları (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə kurslarda çıxışı zamanı daxili işlər nazirinin müavini Oruc Zalov deyib. "Seçki, Cinayət və İnzibati Xətalar məcəllələrində seçki ilə bağlı nəzərdə tutulan işlərin görülməsi üçün müvafiq təlimlər keçiririk. Nazir tərəfindən xüsusi işçi qrup yaradılıb, plan tərtib olunub. Bu plana uyğun yerlərdə tədbirlər həyata keçirilir", - Zalov əlavə edib.

Onun sözlərinə görə, polisin seçki zamanı vəzifəsi ictimai asayişi qorumaq, baş verən pozuntuları qanuni qaydada sənədləşdirmək, seçki məntəqələrinin mühafizəsini təşkil etməkdir. "Hər bir polis əməkdaşının bu prosesdə vəzifələri müəyyənləşdirilir. Pasport-qeydiyyat, əməliyyat-axtarış xidmətlərinin vəzifələri müəyyənləşdirilir. Polis mitinq, yürüş, piketlərin təşkili, namizədlərin görüşləri zamanı nəzarəti həyata keçirir. Görüş, aksiya keçirilməsi yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Polisə bu tədbirlə bağlı məlumat verilir. Əgər aksiya keçirilməsinə icazə verilməzsə, polis təşkilatçılarla, namizədlərlə söhbət aparır, həmin tədbirlərin icra hakimiyyətinin icazə verdiyi yerlərdə keçirilməsi ilə bağlı təşkilatçılara xəbərdarlıq edir. Əgər görüş, aksiya keçirilməsi razılaşdırılıbsa, asayişin mühafizəsi, hüquqpozmaların qarşısının alınması üçün ora polis qüvvələri cəlb olunur", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, ötən il parlament seçkilərində 1600 belə görüş, mitinq keçirilib. Bunlardan təqribən 1500-ü razılaşdırılmış qaydada olub, heç bir insident baş verməyib.
"Polisin üzərinə vəzifə qoyulub ki, məntəqələrdən kənarda yerləşsinlər, seçki prosesinə müdaxilə etməsinlər. Bu barədə polisə təlimat verilib. Bunun nəticəsidir ki, ötənilki seçkilərdə bununla bağlı polisə ciddi iradlar olmayıb", - Zalov bildirib.

Nazir müavini deyib ki, ötən il keçirilən seçkilərdə yerli və beynəlxalq təşkilatlar tərəfindən polisin fəaliyyəti barədə ciddi iradlara rast gəlinməyib. "Heç bir məntəqədə seçki nəticələrinin şübhə altına alınmamasına çalışdıq və buna nail olduq. Polisin seçki prosesinə müdaxilə etməsi halı ilə bağlı müşahidəçilərin iradlarına rast gəlmədik. Şəxsiyyət vəsiqəsi ilə bağlı ötən il müəyyən problem yaranmışdı. Yaş həddinə görə şəxsiyyət vəsiqəsini dəyişməli olan vətəndaşlar bunu etməlidirlər. 25, 35 və 50 yaşa şatdıqda vəsiqələr dəyişdirilməlidir. Ötən il belə hallarda operativ olaraq şəxsiyyət vəsiqələri dəyişdirilidi. Dəyişdirməyənlər köhnə şəxsiyyət vəsiqələri ilə də səs verdilər. Vətəndaşlar vəsiqələri dəyişdirməyə maraqlı olmalıdırlar. Bu, elə də çətin proses deyil", - Zalov əlavə edib.

Onun sözlərinə görə, vətəndaşların qeydiyyatı ilə də bağlı problemlər var idi. "Yeni mənzillər tikilib, lakin ünvan yoxdur, qeydiyyat aparılmayıb. Bu problemin həlli ilə bağlı Prezident göstəriş verib. Bu iş həyata keçirilir. Ümid edirəm, gələcək seçkilərə qədər bu problem də həll olunacaq. 2008-ci ildən tətbiq olunan sahə müvəkkilləri institutu bu məsələ ilə bağlı vətəndaşlarla mütəmadi iş aparır. Artıq şəxsiyyət vəsiqələri ilə bağlı problemlə növbəti seçkilərdə qarşılaşmayacağıq", - Zalov əlavə edib.

Nazir müavini qeyd edib ki, vətəndaşlar 3 aydan çox bir yerdə yaşayırsa, orda qeydiyyata düşməlidirlər.