Polislə “Kabus” arasında gərginlik- - Fotolar

polisle-kabus-arasinda-gerginlik-
Oxunma sayı: 2437


“Qafqazinfo”ya daxil olan məlumata görə, konsert saat 2-də planlaşdırılsa da, polislər saat 12-dən Vətən kinoteatrını mühasirəyə alıblar. Heç bir məntiqli əsas vermədən içəri girməyə icazə verməyiblər. Konsert üçün zala daxil olanlara isə ""Kabus" konserti təxirə salıb", "səs avadanlıqları qırılıb" kimi saxta səbəblər gətirərək, onları ərazidən uzaqlaşdırıblar. Bildirək ki, əraziyə Nəsimi Rayon Polis İdarəsinin rəis müavini və bir sıra yüksək rütbəli polis zabitləri də gəlib. Konsertə gələnlərin bir yerə toplaşdığını görüncə polislər onlara müdaxilə edib. Özünü təqdim etməyən polis mayoru "Kabus"a yaxınlaşaraq ondan ərazini tərk etməyi tələb edib. "Kabus" onun tələbini yerinə yetirməyincə tərəflər arasında qısa müddətli gərginlik yaşanıb. Daha sonra Nəsimi Rayon Polis İdarəsinin rəis müavini polislərdən ərazini tərk etməyi tələb edib. Polislər gedəndə saat artıq 15:00 idi. Bu da o deməkdir ki, konsert baş tutmayıb. Konsert təşkilatçılarından Orxan Yaquboğlunun dediyinə görə, bilet alanların hamısı olmasa da bəziləri biletlərini gətirib qaytarıblar: "Konsert ləğv olunmayıb, bir müddətlik təxirə salınıb. Qısa müddətdə konsertin keçiriləcəyi yer və vaxt bildiriləcək". Onu da bildirək ki, Vətən kinoteatrının əməkdaşları isə belə bir hadisənin heç baş vermədiyini bildirib: "İndiyə kimi burda çox sayda konsert icazə alınmadan keçirilib, lakin belə bir hadisə baş verməyib. Mən özüm çaş-baş qalmışam".

Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə Milli Fikir Mərkəzinə maddi, "Kabus"a isə mənəvi zərər dəydini deyibdi: "Bu zərər qarşılanmalıdır. Yoxsa mən fərdi aksiyaya başlayacam". Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı isə bunun mistik bir şey olduğunu deyib: "Mən səhər sosial şəbəkələrdən gördüm ki, "Vətən" polis mühasirəsindədir. Yəbi bunlar demək istəyirlər ki, bu Vətəndə bizdən xəbərsiz heç bir şey edə bilməzsiniz. Mən təklif edirəm ki bununla bağlı haştəq yaradaq (#VətənPolisMühasirəsində) və bunu yayaq. Hər kəs də görsün ki, vəziyyət nə yerdədir". "Kabus" özü isə bildirdi ki, bizi "Vətən"ə buraxmadılar: "Amma başa düşməlidirlər ki, bu Vətən bizimdir. Biz də bu konserti keçirəcəyik. Geri çəkilmək fikrimiz yoxdur." Qeyd edək ki, dünən axşam saatlarında Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Bölməsinin əməkdaşları və şəxsən bölmə rəisinin müavini İsa Babaşov Vətən kinoteatrına gələrək konsert keçirilməsinə icazə verilməyəcəyini bildirib.