Polislər hərbçilərin evini sökdü

polisler-herbcilerin-evini-sokdu
Oxunma sayı: 639

Hacıqabul rayon hərbi şəhərciyində yaşayan ehtiyatda olan iki zabitin evi qanunsuz olaraq sökülməyə başlayıb. “Qafqazinfo”nun Milaz-a istinadən verdiyi məlumata görə, ehtiyatda olan kapitan Vəkilov Bəxtiyar Yusif oğlu və ehtiyatda olan kapitan Qəmbərov Ədalət Səttar oğlunun yaşadıqları evlər heç bir qanuni əsas olmadan sökülür. “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin hüquqşünası Telman Əbilovun verdiyi məlumata görə, indiyə qədər bu şəhərcikdə 74 ailə yaşayıb və son iki ildə həmin ərazi Hacıqabul rayon Polis Şöbəsinin rəisi Ramazan Kərimov və Daxili Qoşunların “N” saylı hərbi hissəsinin komandiri Ağahüseyn Hüseynovun tamahına tuş gəlib. Hazırda söküntü işləri davam edir. İlkin olaraq, Ədalət Qəmbərovun evini sökməyə başlayıblar. Sakinlərə evin əşyalarını belə götürməyə imkan vermirlər. Buna müqavimət göstərməyə çalışan Ə.Qəmbərov və oğlu polis şöbəsinə aparılıblar. Qəmbərovun həyat yoldaşına isə fiziki təzyiq göstərilib. Nəticədə qadın huşunu itirərək yerə yıxılıb.

Telman Əbilov onu da bildirib ki, məsələ ilə əlaqədar iş məhkəmə baxışındadır: ”Hüquqlarını bərpa etmək məqsədilə müraciət etdikləri Hacıqabul rayon məhkəməsi və Şirvan şəhər Apelyasiya məhkəməsi zabitlərin heç bir şəraiti olmayan, qəzalı vəziyyətdə olan binaya köçürülməsi ilə bağlı qətnamə qəbul ediblər. Şirvan Apellyasiya Məhkəməsi bu qətnaməni qüvvədə saxlayıb. İşdən kasassiya şikayəti verilib və Ali məhkəmə işi icraata götürüb. Azərbaycan Respublikasının qanunlarına görə, yerli və Apelyasiya məhkəmələrinin qəbul etdiyi qətnamələr Ali Məhkəmənin təsdiqi olmadan qüvvəyə minmiş sayılmır. Amma ölkə qanunlarına məhəl qoymayan Hacıqabul rayon polis rəisi və Daxili Qoşunların “N” saylı hərbi hissəsinin komandiri evlərin sökülməsinə qərar verib. Bu vandalizm aktının həyata keçirilməsinin də əsas günahkarı onlardır”.

Xatırladaq ki, 2009-cu ilin sentyabrından evlərinin sökülməsi hədəsi ilə üzləşən hərbçilərə mənzillərini boşaltmaq üçün dəfələrlə təzyiqlər edilib. Həmin şəhərcikdə yaşayan 2 ailə onların normal mənzillə təmin ediləcəyi halda yaşadıqları evləri tərk etməyə razılıq verəcəklərini bildiriblər. Lakin Daxili Qoşunların Hacıqabulda yerləşən hərbi hissəsinin komandiri polkovnik A. Hüseynovun və Hacıqabul Rayon Polis Şöbəsinin rəisi polkovnik R.Kərimov onlardan israrla evlərini tərk etmələrini tələb ediblər. Bu qeyri-qanuni söküntüyə etiraz əlaməti olaraq, Vəkilov Bəxtiyar və Qəmbərov Ədalət 2011-ci ilin yanvarın 31-dən etibarən növbə ilə 40 günlük aclıq aksiyası keçiriblər.

Son dəqiqələrdə aldığımız məlumata görə, Bəxtiyar Vəkilovun da evinin sökülməsinə başlanılıb. Hazırda ərazi Daxili Qoşunların əsgərləri və polis qüvvələri tərəfindən mühasirəyə alınıb.