Polkovniki güllələyənlərin olduğu “Lexus” iş adamının oğlunundur

polkovniki-gulleleyenlerin-oldugu-lexus-is-adaminin-oglunundur
Oxunma sayı: 11864

Oktyabrın 14-də bıçaqlanan Müşfiq Mədətov hələ də polisin nəzarətindədir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, saxlanılaraq Səbail Rayon Polis İdarəsinə yerləşdirilən M.Mədətov artıq 2 gündür ki, oradadır. Onun sərbəst buraxılacağı yaxud hansısı əməlinə görə ittiham edilərək məhkəməyə çıxarılacağı bəlli deyil.

Xatırladaq ki, M.Mədətovu bıçaqlayan şəxslərin tutulması üçün əməliyyat keçirilən zaman şübhəli şəxslər Səbail RP-nin rəis müavini, polkovnik Orxan Axundzadəni ayağından güllə ilə vurub qaçıblar. Daha sonra keçirilən geniş əməliyyat zamanı, Mədətovu bıçaqlayıb polisi güllələyən 3 nəfər – Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov saxlanılıb.

Onlar xuliqanlıqda, adam öldürməyə cəhddə və hakimiyyət  nümayəndəsinə müqavimət göstərməkdə ittiham edilirlər.

***

Azərbaycan prezidentinin mühafizə xidmətinin keçmiş əməkdaşı Müşfiq Mədətov və dostu sərbəst buraxılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə haqqin.az məlumat yayıb. 

***

“Qafqazinfo” M. Mədətovu bıçaqlayanlara qarşı keçirilən əməliyyat zamanı rəis müavini, polis polkovniki Orxan Axundzadəni güllələyən şəxslərin olduğu  90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşının sahibinin kimliyini öyrənib. Məlum olub ki, avtomobil Rüfət Azad oğlu Abdullayevə məxsudur. Etibarnamə ilə isə Emin Həsənov idarə edib. Sözügüdən şəxs Mədətova və rəis müavininə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.

***

Bu arada qeyd edək ki, Rüfət Abdullayevin atası Azad Abdullayev tanınmış biznesmendir. Mediada "Hafka"nın ortağı kimi təqdim olunan Abdullayevlə bağlı dəfələrlə məlumat yayımlanıb.

Sonuncu dəfə iş adamı oğlu Rüfət Abdullayevin “Maserati”sinin yanması ilə gündəmə gəlmişdi.

Murad Əhməd