Polkovnikin məhkəməsi keçirildi

polkovnikin-mehkemesi-kecirildi
Oxunma sayı: 1162

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində passiv rüşvətxorluqda təqsirləndirilən, Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi olmuş, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası baş tutub. 

Hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsi başa çatıb. Bundan sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. 

Dövlət ittihamçısı çıxışa hazır olmadığını bildirib və məhkəmədən vaxt istəyib. Növbəti iclasda polkovnik N. İmanova cəza istəniləcək. 

Proses dekabrın 26-da davam etdiriləcək.

DGK-nın yaydığı ilkin məlumata görə, polkovnik N.İmanov pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alıb.

O, növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

Dövlət Gömrük Komitəsi sədrinin  əmri ilə Natiq İmanov vəzifəsindən azad edilib. 

N.İmanovun himayəsində 2 azyaşlı övladı var. O, ittihama münasibət bildirərkəb özünü təqsirli bilmədiyini deyib və əlavə edib ki, zərərçəkmiş şəxs pulu ona sadəcə saxlamaq üçün verib. 

Murad Əhməd