Pomidor siyasi təzyiq vasitəsinə çevriləndə…

pomidor-siyasi-tezyiq-vasitesine-cevrilende
Oxunma sayı: 2875

Dünya Sakit

Azərbaycanda istixanaların sayı, sahəsi durmadan artır. Son 3-4 il ərzində dövlətin xüsusi diqqətini görən bu sahəyə maraq da çoxalıb. Getdikcə daha çox sahibkar, fərdi şəxslər, hətta iri şirkətlər istixana təsərrüfatı yaratmağa başlayır.

Hazırda ölkədə yaradılmaqda olan aqroparkların ərazisində də minlərlə hektar sahəni əhatə edən istixanalar salınmaqdadır. Qeyd edim ki, hökumətin yaxından dəstəyi ilə Azərbaycanın 28 rayonunda 42 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparkların 27-də məhz bitkiçilik təsərrüfatlarının formalaşdırılması planlaşdırılır. Hazırda ümumi sahəsi 81 min hektar olan 16 aqroparkın yaradılması işləri aparılır. İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 13 aqroparkın yaradılmasına 98,6 milyon manat güzəştli kredit ayrılıb. 10 aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. Bundan əlavə, adıçəkilən Fond 312 hektar ərazidə 58 müasir istixananın tikintisinə 200 milyon manat güzəştli kredit ayırıb. Bunlardan 49 istixana artıq istifadəyə verilib, 9-nun tikintisi davam edir.

Bütün bunların nəticəsidir ki, Azərbaycanda istixana təsərrüfatlarının ümumi sahəsi 13 min hektara çatmaqdadır. Bundan əlavə, yüzlərlə fərdi şəxslərin də kiçik istixanaları var. Bu təsərrüfatlarda əsasən pomidor yetişdirilir. Bu tərəvəzə maraq Rusiya-Türkiyə münasibətləri kəskinləşəndən daha da çoxalıb – Şimal qonşumuz Türkiyə pomidorunun idxalına qadağa qoyandan sonra. Bu hadisə Rusiya bazarında pomidorla təchizat baxımından böyük boşluq yaratdı, Azərbaycandan göndərilən məhsulun qiyməti artdı. Nəticədə, istixanalarda, həmçinin elə yaz-yay mövsümündə də pomidor istehsalı və ixracı dəfələrlə çoxaldı. Və elə bu artım da ruslarda ciddi, bəzi hallarda da əsaslı şübhələr yaratdı ki, azərbaycanlı sahibkarlar türk pomidorunu ucuza alıb, öz məhsulları kimi bahasına Rusiyaya daşıyırlar. Əsaslı deyirəm, ona görə ki, türklər üçün qadağa çox gözlənilməz və əlverişsiz dövrə düşmüşdü: qış mövsümü başlamış, məhsul tədarükü üzrə müqavilələr imzalanmışdı. Qısa müddət ərzində Rusiya bazarı üçün qablaşdırılan məhsula başqa bazar tapmaq faktiki olaraq qeyri-mümkün idi. Bu şəraitdə onların “köməyinə” Azərbaycandan olan çoxbilmiş iş adamları çatdılar – batmaq üzrə olan məhsulu ucuzuna alıb, Rusiyaya ixrac etməyə başladılar. Beləliklə, türklər öz məhsullarına başqa bazar tapanadək bu variantla işləməyə razılaşmalı oldular.

Lakin Rusiya fitosanitarları da az bimirdilər – Azərbaycandan idxalın kəskin artımından tezliklə şübhəyə düşdülər, gələn məhsulu yoxlamağa başladılar, hətta bir neçə dəfə geri də qaytardılar. Nəticədə onların təkidi ilə rusiyalı fitosanitarların Azərbaycana müntəzəm yoxlamaları gəlməyə başladı – bu proses hələ də davam edir. Çünki Türkiyə pomidorunun idxalına qadağa götürüləndən sonra da Azərbaycandan idxal azalmayıb – bu dəfə yerli istehsalın artımı hesabına. Bu isə ruslardakı şübhələrin dağılmasına imkan vermir. Amma böyük ehtimalla, yaxın aylarda bu şübhələr bütünlüklə aradan qalxacaq.

Məsələ burasındadır ki, qadağa götürüləndən sonra, gözləntilərin əksinə olaraq, türklərin Rusiyaya pomidor ixracı az oldu – türk sahibkarların böyük əksəriyyəti artıq öz məhsullarına başqa bazarlar tapıblar. Ölkələrarası münasibətlərin çox tez-tez dəyişdiyi bir zamanda yenidən Rusiya bazarına yönəlmək heç də təhlükəsiz deyil. Türklərin tapdıqları bazarlar – Avropa və Körfəz bazarları daha etibarlıdır.

Bu isə Azərbaycan məhsulu üçün Rusiya bazarında təhlükə olmadığı deməkdir - əlbəttə, siyasi səbəblər xaricində. Rusiya-Türkiyə arasında baş verənlər göstərdi ki, sadə bir tərəvəz birdən-birə ciddi bir siyasi təzyiq vasitəsinə çevrilə bilər. Nəzərə alsaq ki, Azərbaycan yaxınmüddətli dövr üçün ixracyönümlü məhsullar, o cümlədən pomidor istehsalını daha da artırmaq niyyətindədir, onda iş adamlarımızın mümkün qədər qısa müddətdə satış bazarlarını diversifikasiya etməsinə ciddi ehtiyac var. Üstəlik, onu da unutmaq olmaz ki, Rusiya hazırda cidd-cəhdlə cənub regionlarında istixana təsərrüfatlarını genişləndirməkdədir. Bütün bunlar isə pomidorun yaxın illərdə Azərbaycanla Rusiya arasında siyasi alətə çevrilməyəcəyinə zəmanət olmadığı deməkdir…