Pomidorlarımız da avropalaşıb

pomidorlarimiz-da-avropalasib
Oxunma sayı: 1834

Azər Qismət 

Neçə il əvvəl təmiz məhsulla qidalanan Azərbaycan sakinləri indi alma boyda çiyələk, plasmasa bənzər armud, 2 həftə ərzində çürüməyən kartofla qidalanırlar. Bütün bunların günahını kənar yerlərdə axtarmaq lazım deyil. Bütün günahlar fermerlərimizdədir. Bəli, məhz öz fermerlərimizdə. Burada söhbət cipsi-mipsidən getmir. Sırf onların əkdikləri, hər gün qidalandığımız məhsullardan gedir.

Sovet illərində mövcud olan və adamların qidalandığı meyvə-tərəvəzləri indi heç harda tapa bilməzsiniz. Nə Sabirabad qarpızını, nə Gədəbəy kartofunu, nə də Xaçmaz pomidorunu. Çünki həmin sortlar daha yoxdur. O sortlar alimlərimizin neçə illik gərgin əməklərinin nəticəsində alınmışdı. Kənd təsərrüfatının hər bir sahəsi üzrə aparılan seleksiya işləri indi də davam edir. Amma çifayda. Təəssüflər olsun ki, fermerlərimiz yerli sortlardan istifadə etmirlər. İndi Gədəbəy kartofuna şöhrət gətirən “Ağçiçək” sortu daha yoxdur. Düzdür, ona bənzər bir sort var. Amma nə olsun, onsuz da fermerlərimiz həmin sortu əkməyəcəklər. Çünki bu onlara sərf etmir.

Niyə sərf etmir? Əgər fermer “Ağçiçək” sortundan istifadə edib əvvəlki illərdəki kimi kartof əksə, bundan adamlar udacaq, damaqlarına dad gələcək. Fermerlər isə köhnə sortların bərpasını istəmirlər. Alimlərimiz həmin sortlara oxşar nümunələr ortaya çıxarsalar belə, fermerlər onu əkməyəcəklər. Çünki əvvəlki sortların əkildiyi sahələrdə zərərvericilər çox olur, məhsul az alınır. Axı, zərərverici təmiz məhsulu yeməyə gəlir. Təbii ki, geni modifikasiya olunan məhsula Kolorado böcəyi də yaxınlaşmır. Bizim fermerlər Avropadan sortlar gətirib əkirlər və hər hektardan 50-60 ton möhsul götürürlər, əvvəlki sortlardan isə hər hektara 3-4 ton məhsul alınırdı. Amma ekoloji cəhətdən necə təmiz və dadlı olmalarını köhnə nəsil yaxşı xatırlayır. Halbuki, həmin kartoflardan əkilərsə, baha olmasına baxmayaraq, xüsusi alıcılar kateqoriyası yaranar. Artıq Avropada belə təcrübə var. Orada ekoloji cəhətdən təmiz məhsullar xüsusi marketlərdə baha qiymətə satılır. Adamlar artıq həmin məhsulların baha olmasını bilir və bununla razılaşırlar.

Azərbaycanda intensiv texnologiya ilə əkilən bağçılıq təsərrüfatlarının sayı artmaqdadır. Əlbəttə, bu yaxşı haldır, amma yenə də bizim köhnə meyvə sortlarımız get-gedə sıradan çıxacaq. Məsələn, almanın “Qızıləhmədi” sortunu buna misal göstərmək olar. İntensiv texnologiya ilə əkilən bağların məhsuldarlığı çoxdur. Lakin onu da nəzərə almaq lazımdır ki, artıq Avropa belə təsərrüfatların genişləndirilməsindən imtina edir. Onlar da dadlı və tamlı meyvə axtarışına çıxıblar. Bizim fermerlər getdikcə Avropa standartlarına uyğun təsərrüfatçılıqla məşğul olmağa başlayıblar. Halbuki, bizim əvvəlki meyvə sortlarını inkişaf etdirib artırmaq lazımdır. Və belə məhsulları baha satsaq da onun alıcıları həmişə tapılacaq.

Artıq xiyar və pomidorların istixana şəraitində yetişdirilməsi hallarına çox rast gəlirik. Ölkə daxilində əhalinin qida ilə təminatı üçün bu çox müsbət addımdır. Lakin nəzərə alaq ki, bizim əsas bazarımız Rusiyadır. Ora istər Türkiyə, istərsə də İrandan istixana şəraitində əkilib-becərilən məhsullar daxil olur. Sadə rus isə açıq şəraitdə yetişdirilən pomidorlarımızı gözləyir. O pomidorları ki, günəşdən enerji alır. Rusiya sakinləri ona görə həmin məhsulları gözləyirlər ki, vaxtilə onlarla böyüyüblər. Açıq şəraitdə isə çox cüzi miqdarda tərəvəz məhsulları yetişdirilir. Bu sahədə də müəyyən işlər görmək olar.

Bir sözlə, hər gün rastımıza çıxan meyvə-tərəvəz məhsullarının dadının qaçması məhz yuxarıda izah etdiyim səbəblərlə bağlıdır. Sortlar avropalaşıb, intensiv texnologiyalı əkin sahələri genişləndirilib. Aqrar sektor üzrə ixrac potensialının artırılması və rəqabətə davamlı ekoloji təmiz məhsulların artması, üstəlik köhnə sortların bərpası, yaxud ona oxşar sortların yaradılması vacib şərtdir. Bunu etsək bizim məhsullar Türkiyə, İran və Gürcüstan məhsullarını bazardan sıxışdırar.