Porno saytlar...

porno-saytlar
Oxunma sayı: 31172

Azər Qismət

Neçə həftədir ki, xalqımızın başı Getcontakt sistemində nömrə axtarmağa qarışıb. Çoxları bir-birinin nömrəsinin hansı məzəli adla yazılmasından tutmuş, hansısa qadının nə vaxtsa ərinə ünvanlanmış nömrəsinin kimə məxsusluğunu aydınlaşdırır. Bir sözlə, adamlar bu neçə həftəni qəşəng dedektivlik etdilər. Kimisinin ailəsi dağıldı, kimsə kimisə qaranlıq tinlərə çağırdı. Hətta bəziləri kiminsə ailəsinə loo salmaq üçün xanımın adını “sevgilim”, ərin adını “yakışıklım” yazdı. Sonda bu proqram bloklandı. Bəzi ölkələrdə proqram bloklansa da, bəzilərində qalıb. Müsəlman ölkələri bloklamağa birinci başladı. Deməli, hansısa proqramı bloklamaq olurmuş. Amma bu, porno saytlara hələ də şamil edilmir.

İşin dəhşətli tərəfi ondadır ki, ciddi saytlara girib hər hansı informasiya oxuyanda da sağ-sol künclərdə porno saytlar görünür. Sanki, özlərini hara gəldi soxurlar. Bu hal adamı övladların, doğmaların yanında da saytlara girməklə utanc hissi gətirir. Hansısa şirkətlər dərman və cinsəl qızışdırıcı vasitələr satırlar. Çox təəssüf ki, bu hal nə vaxtandı mövcudluğunda qalır. Bunun qarşısını almağın texniki məziyyətini texnoloqlarımız daha yaxşı bilir. Problem ondadır ki, indi hər hansı uşaq Google-də bircə kəlmə “porno” yazmaqla minlərlə sayta giriş əldə edir. Nə qədər porno disklərin satışına icazə verilməsə də, internet klublarda “porno saytlara baxmaq qadağandır” lövhələri asılsa da, yenə haradansa giriş tapılır. Bu giriş aydındır: onlar porno saytlardır.     

Ölkəmiz artıq neçənci süni peyki orbitə çıxarır. Biz dünyanın məhdud saylı kosmik klubunun üzvünə çevrilmişik. Bu çox yaxşıdır, həm də qabaqcıllıq nümunəsidir. Peyk təkcə informasiya-texnologiya avadanlıqlarımızın daha yüksək keyfiyyətli fəaliyyətinə imkan vermir, həmçinin ölkəmizi təhlükəsizlik baxımından qoruyur, gözlənilən hücumdan əvvəlcədən müdafiə edir. Süni peyklər həm də istənilən yad dalğanın qarşısının alınması, eləcə də kiber hücumların məhdudlaşdırılmasında böyük rol oynayır. Belə süni peyki olan ölkə istənilən saytı və proqramı asanlıqla bloklaya bilər, fəaliyytinə qadağa qoyar. Belə olan surətdə uşaqlarımızın da sərbəst şəkildə porno saylarta girməsini aradan qaldırmaq mümkündür. Təkcə giriş üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi tətbiq edilmir, dünya təcrübəsində mövcud olan çoxsaylı nümunələrlə girişin qarşısını almaq mümkündür. Nəzər alaq ki, adamlarımız pul və qadın məsələsində həssas duyğulara malikdir. Təsadüfi deyil ki, Google portalı 2015-ci ildə ən çox axtarılan siyahını elan edəndə adamlarımızın nəyə maraq göstərməsi bir daha təsdiqləndi. Azərbaycan, Türkiyə və Ermənistanda ən çox erməni mənşəli, ABŞ-da yaşayan porno aktrisa Kim Kardaşyan axtarılmışdı. Bu qadının axtarılmasını düşmən ölkənin nümayəndəsi olması ilə başa düşmək olar. Rusiyada daha çox Vladimir Putin və keçmiş arvadı Lyudmila Putin, Gürcüstanda isə daha çox Kriştiano Ronaldo axtarılmışdı. Ancaq dəhşətli burasındadır ki, Azərbaycan Kim Kardaşyandan əlavə, ən çox “porno” sözü yazan ölkələr sırasında ilk yerləri tutmuşdu.    

Qloballaşan, hər an zəngin qədim irsi, qan yaddaşını pozmağa yönələn dünyada informasiya mühüm rol oyanyır. Əxlaqsız saytlar pozğunluğa, mənəvi aşınmaya təkan verir, alt şüurda çoxdan yatan nəsnələri oyadır. Bu gələcək üçün yaxşı heç nə vəd etmir. Ən azından ona görə ki, bizim yerimizə indiki uşaqlar gələcək. Qərbin tərbiyə anlayışında 2 faktor mühüm yer tutur. 1. Sən gələcəkdə hansı mövqeyə yüksəlmək istəyirsən. 2. O mövqeyə yüksəlmək üçün indi nə edirsən. İndidən pozğun duyğularla böyüyənlərin özlərini cəmiyyətdə necə aparacağı, ailəni, dövləti necə idarə edəcəyini düşünəndə hər bir sağlam düşüncə sahibinin başından tüstü çıxır. Məşhur filmdəki sözlərin əksinə olaraq həmin uşaqlar böyüyəcəklər. Ancaq hansı tərbiyə ilə böyüyüb cəmiyyətə nə təklif edəcəklərini düşünmək belə istəmirsən. Aydın olmayan hələ həmin saytların açıq şəkildə fəaliyyət göstərməsi, bloklanmamasıdır.