“Press Klub” qayıdır

press-klub-qayidir-
Oxunma sayı: 658

Avropada ən məşhur diskussiya klubu – “Frontline Club” Azərbaycanda da fəaliyyətə başlayır. “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, N. Nəcəfov Fondunun birgə təşəbbüsü ilə yaradılan bu klubda ictimaiyyət üçün ən aktual mövzular müzakirəyə çıxarılacaq, ölkədə və dünyada baş verən maraqlı hadisələr hərtərəfli araşdırılacaq, müxtəlif fikirlər eşidilir.

Frontline, klub şəklində 2003-cü ildə Londonda fəaliyyətə başlayıb. Əvvəlcə bu qurum münaqişə zonalarında işləyən hərbçi jurnalistlərin birliyi kimi yaradılıb. Sonradan mərkəz hər bir peşəkar qələm ustasının sevimli ocağına çevrilib. Hazırda London klubunda 1000-dən çox jurnalist təmsil olunur.

“Frontline Club” hər kəsə açıq müzakirə aparmaq, öz fikrini demək imkanı yaradır. Bu mərkəz tərəfindən təşkil olunan tədbirlərin əsas məqsədi hansısa problem haqqında deməyə sözü olan insanları eşitməkdir. Artıq “Frontline Club” MDB məkanında Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə fəaliyyət göstərir.

Azərbaycanda da “Frontline Club”un jurnalistlər üçün doğma bir mərkəzə çevriləcəyi gözlənilir. Klub üçün ayrıca binanın olacağı planlaşdırılır. Burada tədbirlər keçirmək üçün zal, jurnalistlərin işləməsi üçün xüsusi otaqlar olacaq. Vaxtilə “Bakı Press Klubu”nda olduğu kimi burada da istənilən KİV nümayəndəsi müsahibləri ilə görüş təyin edə biləcək, qonaq çağıracaq. Mərkəzdə jurnalistlərin işləməsi üçün şərait yaradılacaq. Bu layihəni bir növ Press Klubun davamı kimi adlandırmaq da olar.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, artıq Frontline çərçivəsində keçiriləcək ilk müzakirənin mövzusu və vaxtı bəllidir. Belə ki, dekabrın 7-də Avropa otelində baş tutacaq tədbir Azərbaycan paytaxtına həsr ediləcək: “Frontline-da ilk mövzunun Bakı ilə əlaqədar olması təsadüfi deyil. Çünki Bakının indiki durumu, paytaxtda aparılan tikinti işləri, şəhərin görkəmini necə dəyişməsi həmişə hər kəs üçün maraqlı və aktual olan məsələdir. Bundan əlavə, Bakı haqqında qanun layihəsi hazırlanacağı haqqında da xəbərlər dolaşır. Bakının Baş Planı necə olacaq, şəhəri hansı dəyişikliklər gözləyir, tıxaclar və yollarla bağlı problemlər, paytaxtımız “Eurovision” mahnı müsabiqəsinə necə hazırlaşır, daha hansı tikinti işləri planlaşdırılır və digər məsələlər müzakirə olunacaq”.

Tədbirdə Bakının indiki durumuna həsr edilmiş 15 dəqiqəlik film də nümayiş etdiriləcək. Foyedə isə köhnə və indiki Bakını əks etdirən fotoşəkillərin sərgisi təşkil olunacaq.

Qeyd edək ki, ilin sonunda bu layihə çərçivəsində “Media açarı” mükafatı da təqdim olunacaq.

Nigar Məmmədli