Prezident bir sıra görüşlər keçirib

prezident-bir-sira-gorusler-kecirib
Oxunma sayı: 640

“Qafqazinfo” president.az saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının növbəti iclasının uğurlu keçəcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı bu cür tədbirlərin dost ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən informasiya siyasəti və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığın genişlənməsi istiqamətində önəmli hadisə kimi dəyərləndirdi. Müasir dövrdə İnformasiya təhlükəsizliyinin enerji və ərzaq təhlükəsizliyi məsələləri ilə yanaşı, müzakirə olunduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı islahatların uğurla həyata keçirildiyini, bu istiqamətində məqsədyönlü tədbirlərin ardıcıl olaraq davam etdirildiyini vurğulayıb.

Ölkəmizdə İKT-nin inkişafının əsas prioritetlərdən olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini, bu yaxınlarda Azərbaycanın ilk süni peykinin orbitə buraxıldığını, həmçinin yaxın zamanlarda İKT sahəsində çalışan yerli və xarici şirkətlərin fəaliyyətini cəmləşdirməyi nəzərdə tutan yüksək texnologiyalar parkının yaradılacağını deyib. Prezident İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının Bakıda keçirilən XVI iclasının kütləvi informasiya vasitələri arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşma və əməkdaşlığın daha da genişlənməsi baxımından faydalı və əhəmiyyətli olacağına əminliyini ifadə edib.

MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının - MDB İnformasiya Şurasının sədri, İTAR-TASS-ın kollegiya sədri Vitali İqnatenko Şura iclasının artıq dördüncü dəfə Bakıda keçirildiyini və tədbirlərin birində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakını məmnunluqla xatırlayıb. O, Azərbaycanda KİV-in və İKT-nin sürətli inkişafını xüsusi vurğulayıb və ölkəmizin kosmik kluba üzv olması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

İTAR-TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Bakıda keçirilən növbəti iclasın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

Bu gün həmçinin prezident İlham Əliyev fevralın 25-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul edib.

Dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları və eləcə də vətəndaşlara nümunəvi sosial xidmət göstərilməsi sahələrində ölkəmizdə görülən işlərin ardıcıl olaraq həyata keçiriləcəyini bildirib.

Görüşdə Dünya Bankı ilə ölkəmizdə, xüsusilə regionlarda həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.