Prezident III Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir- - Fotolar

prezident-iii-nuve-tehlukesizliyi-sammitinde-istirak-edir-
Oxunma sayı: 1458



Bu gün Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev Sammitdə iştirak edir. Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.
 
Bu zirvə görüşünün mötəbər qonaqları Azərbaycanın sammitdə fəal iştirakını yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə verməsi beynəlxalq birik tərəfindən təqdir olunur.
 
 Bu gün III Nüvə Təhlükəsizliyi Sammiti dünya liderlərinin rəsmi salamlanması ilə başladı.
Niderland Krallığının baş naziri Mark Rütte prezident İlham Əliyevi qarşılayıb.
 
Nüvə Təhlükəsizliyi Sammiti "Nüvəsiz dünya" videoçarxının nümayişi ilə başlayıb.
Prezident İlham Əliyevin iştirak etdiyi Zirvə görüşünü açıq elan edən Niderlandın baş naziri Mark Rütte Sammit iştirakçılarını salamlayıb. 2010-cu ildə ABŞ prezidenti Barak Obamanın təşəbbüsü ilə baş tutan ilk sammitdən sonra dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox mühüm işlərin görüldüyünü deyən Mark Rütte bu məsələdə diplomatik səylərin gücləndirilməsinin əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
 
Nüvə təhlükəsizliyinin təmin olunması ilə bəşəriyyətin gələcəyinin təminat altına alındığını deyən Niderlandın Baş naziri bu sahədə hökumətlər arasında əməkdaşlığın faydalı olduğunu bildirib.
 
Bundan əvvəlki Sammitə ev sahibliyi edən Koreya Respublikasının prezidenti Pak Kın He çıxışında müasir dünyada nüvə təhlükəsizliyinin təmin olunmasının zərurətə çevrildiyini deyərək ölkəsinin bu məsələdə öz dəstəyini əsirgəmədiyini vurğulayıb.
 
BMT-nin baş katibi Pan Gi Mun Sammitin əhəmiyyətindən danışarkən onun ehtimal olunan nüvə terrorizminin qarşısının alınmasında xüsusi əhəmiyyəti ilə seçildiyini bildirib. Nüvə təhlükəsizliyinin müasir dünyada qlobal xarakter daşıdığını deyən Pan Gi Mun BMT-nin bu sahədəki missiyasının səmərəli olduğunu vurğulayıb.
 
Sonra sammit öz işini plenar müzakirələrlə davam etdirdi. Bu çərçivədə "Siyasətin ssenari əsasında müzakirəsi" mövzusunda iclas keçirildi.