Prezident jurnalistlərlə görüşdü - Yenilənib + Video

prezident-jurnalistlerle-gorusdu
Oxunma sayı: 2161

Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edir.

"Qafqazinfo" xəbər verir ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına məlumat verdilər ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

***

Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur.

AZƏRTAC xəbər verir ki, bu fikri iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki nitqində deyib.

Azərbaycanda minlərlə mətbuat orqanının fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər edir, cəmiyyətin inkişafında mühüm rol oynayır.

Azərbaycanda mətbuatın inkişafının diqqət mərkəzində saxlanıldığını, media nümayəndələri ilə mütəmadi görüşlərini xatırladan Prezident İlham Əliyev qeyd edib ki, jurnalistlər üçün binaların tikintisi bu siyasətin təzahürüdür.

***

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya Proqramları Studiyasının direktoru Mehriban Məmmədova və Mətbuat Şurasının sədri Əflatun Amaşov media nümayəndələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etdilər.

Daha sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi və mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilib, sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunub.