Prezident Kuboku uğrunda VI çövkən milli oyununun finalıdır

prezident-kuboku-ugrunda-vi-covken-milli-oyununun-finalidir
Oxunma sayı: 645

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyilə keçirilən çempionatda respublikamızın şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizəyə başlayıb. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 21-də papaq və sürpapaq oyunları üzrə qaliblər müəyyənləşib. Papaq oyununda Zaqatala komandası 1-ci, Goranboy 2-ci, Qəbələ isə 3-cü mükafatı qazanıb. Sürpapaq oyununda isə Oğuz rayonunun təmsilçiləri 1-ci, Qax 2-ci, İsmayıllı rayonu isə 3-cü yerə layiq görülüb.

Dekabrın 21-də VI çövkən milli oyununun yarımfinal görüşləri keçirilib. Gərgin mübarizədən sonra Şəki komandası Balakən komandasına 2-1, Ağdam təmsilçiləri isə Ağstafa komandasına 2-1 hesabı ilə qalib gəliblər. Bu nəticədən sonra 3-cü yer uğrunda Balakən və Ağstafa komandaları mübarizə aparıb və oyun 1-0 hesabı ilə Balakən komandasının xeyrinə başa çatıb.

Dekabrın 22-də Prezident Kuboku uğrunda VI çövkən milli oyununun final görüşündə Şəki və Ağdam komandaları yarışacaqlar.
Nigar Məmmədli