Prezident lenti kəsdi

prezident-lenti-kesdi
Oxunma sayı: 673

“Qafqazinfo” xəbər verir ki, İ. Əliyev Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, abidənin yerləşdiyi Heydər Əliyev Xatirə Kompleksində Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunmuş, geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır. Abidənin yaxınlığında inşa olunmuş Heydər Əliyev Mərkəzi möhtəşəmliyi ilə kompleksin görkəminə xüsusi yaraşıq verir.

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Heydər Əliyev Mərkəzinin ikimərtəbəli binasının tikintialtı sahəsi 1060, ümumi sahəsi 1420 kvadratmetrdir.

Prezident İlham Əliyev Mərkəzdəki 118 yerlik kinozal ilə tanış oldu.

Sonra dövlət başçısı mərkəzin ikinci mərtəbəsindən ətrafı seyr etdi. Azərbaycan Prezidentinə kompleksin ərazisində görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Daha sonra Prezident İlham Əliyev kompleksin ərazisində inşa olunmuş kafedə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, kafedə sakinlərin istirahəti üçün hər cür şərait vardır.

Prezident həmçinin Qusara səfəri çərçivəsində şahmat mərkəzinin açılışında iştirak edib. Dövlət başçısının diqqətinə çatdırıldı ki, bina əvvəllər “Nizami” kinoteatrı kimi fəaliyyət göstərib. 2009-cu ildə burada əsaslı təmir və yenidənqurma işləri aparılıb və müasir tələblərə cavab verən şahmat mərkəzi yaradılıb. Mərkəzdə şahmat bölmələri ilə yanaşı, xarici dil və kompyuter kurslarının təşkili də nəzərə alınıb.

Prezident İlham Əliyev zalda gənc şahmatçıların məşq prosesini izlədi.