Prezident məcburi köçkünlərlə çay süfrəsində - Fotolar

prezident-mecburi-kockunlerle-cay-sufresinde-fotolar
Oxunma sayı: 648

Prezidentə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bu məhəllə qaçqınlar və məcburi köçkünlər üçün indiyədək salınmış sayca 78-ci yaşayış məntəqəsidir. Yeni salınmış məhəlləyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə və ya 3420 məcburi köçkün köçürüləcəkdir. Məcburi köçkünlərdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır.

Diqqətə çatdırılıb ki, 12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilib. Məhəllənin inşasına ötən ilin aprelində başlanılmışdır. Tikinti işləri bu ilin martında tam başa çatdırılıb.

Dövlət başçısı əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlanıb. Sonra prezident Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılan şəraitlə tanış olub. Dövlət başçısı çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət edib.

Prezident məhəllədə salınmış “Şəfəq” uşaq bağçası ilə də tanış olub.

Zəngilan rayonundan məcburi köçkün Xuduş İsgəndərov göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.